Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində “İstehlak və istehsalçı qiymətləri indekslərinin hesablanması, qarşıda duran vəzifələr və perspektivlər” mövzusu üzrə seminar keçirilmişdir.
2014-cü il noyabr ayının 25-də Dövlət Statistika Komitəsində Qiymət statistikası şöbəsinin təşkilatçılığı ilə “İstehlak və istehsalçı qiymətləri indekslərinin hesablanması, qarşıda duran vəzifələr və perspektivlər” mövzusu üzrə bir sıra dövlət orqanlarının, KİV nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyindən, Vergilər Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Əmlak Məsələləri Dövlət Komitəsindən, Mərkəzi Bankdan, “Mediaforum” və “Report” informasiya agentliklərindən nümayəndələr iştirak etmişlər.
Aparatın Qiymət statistikası şöbəsinin müdiri E.Qasımzadə açılış nitqi ilə, şöbənin baş məsləhətçisi D.Rəhimov qiymət statistikası sahəsində son dövrlərdə görülən işlər, qarşıda duran vəzifələr və perspektivlər mövzusu üzrə, aparıcı məsləhətçi O.Əhmədov “İstehlak və istehsalçı qiymət indekslərinin hesablanması” mövzusu üzrə təqdimatla çıxış etmişlər.
Təqdimat zamanı istifadəçilərə qiymət indeksləri sistemi, qiymət indekslərinin formalaşma mərhələləri, təmsilçi malların və baza müəssisələrin seçilməsi meyarları, qiymət indekslərinin hesablanmasının ümumi prinsipləri, istehlak və istehsalçı qiymət indekslərinin hesablanmasında istifadə olunan göstəricilər haqqında məruzələr edilmiş, istehlak və istehsalçı qiymətləri indekslərinin hesablanmasının nümunələrlə izahı verilmiş, qiymət indekslərinə dair məlumatların istifadəçilər arasında yayılması üsulları haqqında və eləcə də gələcəkdə görüləcək işlər barədə məlumat verilmişdir.
Sonda müvafiq mövzu üzrə fikir mübadiləsi aparılmış və yaranmış suallar Komitənin nümayəndələri tərəfindən cavablandırılmışdır.