Gürcüstanın Tbilisi şəhərində “Coğrafi informasiya sistemləri” mövzusunda seminar keçirilmişdir

03.12.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Məlumatların yayılması şöbəsinin məsləhətçisi Sanar Dadaşev BMT-nin Mərkəzi Asiya ölkələri üzrə Əhali Fondu ofisi ilə birgə Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi tərəfindən 2014-cü il 24-26 noyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində təşkil edilmiş “Coğrafi informasiya sistemləri”nə dair seminarda iştirak etmişdir.
Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistanın nümayəndə heyətləri iştirak etmişlər. Qeyd olunan tədbirdə Azərbaycan Respublikasını Dövlət Statistika Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri təmsil edirdilər.
Fövqəladə hallarla mübarizə aparan qurumlar üçün hazırlanmış seminarın əsas mövzusu fövqəladə hallar zamanı yaranan böhranların aradan qaldırılmasından ibarət olmuşdur.
Seminarda təşkilatçılar tərəfindən bildirilmişdir ki, fövqəladə hallar zamanı yaranan təbii fəlakətlər (zəlzələ, tsunami, sel, daşqın) zəminində yaranan böhranların aradan qaldırılmasında böhranla mübarizə aparmaq üzrə cavabdeh təşkilatla yanaşı, ölkənin torpaq, xəritəçəkmə və statistika qurumlarının da xüsusi yeri var. Bu təşkilatların əlaqələndirilməsi böhran altında olan ərazilər haqqında geniş məlumatlar əldə olunmasına və yaranmış vəziyyətdə daha düzgün qərarların verilməsinə xidmət edir. Ümumiyyətlə, əlaqələndirmə işinə böyük əhəmiyyət verilmişdir. Humanitar böhran zamanı həm beynəlxalq təşkilatlar arasında, həm də ölkə qurumları səviyyəsində aparılmış əlaqələndirmə işlərinin aparılması nəticəsində böhran ərazisi altında olan əhaliyə daha çevik və ünvanlı yardım etmək imkanı yaranır, insan itkilərini azaltmaq mümkün olur.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin mütəxəssisi fövqəladə halın dörd əsas fazası haqqında iştirakçılara məlumat vermişdir. Məruzəçi qeyd etmişdir ki, fövqəladə halın hazırlıq fazası, kəskin faza, kəskin andan sonrakı faza, bərpa və yenidən fazası kimi dörd əsas fazası mövcuddur. Fövqəladə halın bu dörd fazasının hər birində qərarlar qəbul edilməlidir.
Sonda məruzəçilər tərəfindən “Bərpa, yenidənqurma fazası”nda böhrandan sonra yaranan ehtiyacların qiymətləndirilməsi məqsədi ilə zərər çəkmiş əhali arasında siyahıyaalmalar, seçmə, Demoqrafiya və Səhiyyə Sorğusu və Çox İndikatorlu Klaster Sorğusu tipli statistik müayinələrin keçirilməsi tövsiyə edilmişdir.