Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində görülmüş işlər barədə

10.12.2014

Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları və prinsiplərinin, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi sahəsində daha səmərəli tədbirlərin həyata keçirilməsi 2014-ci ildə də davam etdirilmişdir.
Dövlət Statistika Komitəsinin Aparatında və yerli statistika orqanlarında çalışan dövlət qulluqçuları üçün Komitənin müvafiq əmrləri ilə tədris proqramları təsdiq edilmiş, daimi praktiki təlimlər keçirilmişdir. Təlimlərdə Komitənin Aparatının və yerli statistika orqanlarının işçilərinə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər qanunvericilik aktlarının öyrənilməsinə dair məşğələlər keçirilir. Məşğələlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə işçilərin mənimsəmə qabiliyyətlərinin qiymətləndirilməsi jurnalları tərtib edilmişdir. Məşğələlərin nəticəsi barədə hər ayın sonunda rəhbərliyə arayış təqdim olunur.
Dövlət Statistika Komitəsinin vəzifəli şəxslərinin fəaliyyətində qanuniliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiyanın idarəçiliyi zəiflətdiyini və ədalətsizlik şəraiti yaratdığını nəzərə alaraq, ona qarşı səmərəli mübarizənin təşkil edilməsi məqsədilə Komitənin 15 iyul 2008-ci il tarixli 117/t nömrəli əmri ilə Korrupsiyaya qarşı mübarizə Komissiyası yaradılmışdır.
Dövlət Statistika Komitəsinin internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmə yaradılmışdır.
Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydalarının və prinsiplərinin, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi üzrə tədbirlər davam etdirilir.
Dövlət Statistika Komitəsində dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunmuş etik davranış qaydalarına, uyğunluğuna nəzarət etmək Aparatın Kadrlar şöbəsinin müdiri Arif Hüseynova həvalə olunmuşdur.
Cari ildə etik davranış qaydalarının pozulması ilə əlaqədar Dövlət Statistika Komitəsinə şikayət daxil olmamışdır.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edilir, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilir. Bununla əlaqədar Dövlət Statistika Komitəsinin əmr, sərəncam və tapşırıqlarını yerinə yetirməyən dövlət qulluqçularına qarşı intizam tənbehi tədbirləri tətbiq edilir. Belə ki, Dövlət Statistika Komitəsinin 12 fevral 2014-cü il tarixli 20/k nömrəli əmri ilə hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Yevlax Rayon Statistika İdarəsi rəisinin müavini Namiq Zeynal oğlu Məmmədova, Sabirabad Rayon Statistika İdarəsinin rəisi Fuad Hilal oğlu Məmmədova və Qobustan Rayon Statistika İdarəsinin rəisi Elgün Bakıxan oğlu Qayıbova töhmət elan edilmişdir. Yol verilmiş nöqsanlar Qusar Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Şafi oğlu Aşurovun, Yardımlı Rayon Statistika İdarəsinin rəisi Marifət Məşan oğlu Ağaverdiyevin, Daşkəsən Rayon Statistika İdarəsinin rəisi Xasay Məmməd oğlu Hüseynovun, Sumqayıt Şəhər Statistika İdarəsinin rəisi Mehriban Camal qızı Piriyevanın və Neftçala Rayon Statistika İdarəsinin rəis müavini Akif Seyfulla oğlu Əliyevin nəzərinə çatdırılmışdır.
Tərtər Rayon Statistika İdarəsinin 9 yanvar 2014-cü il tarixli 2/t nömrəli əmri ilə idarənin aparıcı məsləhətçisi Rizvan Rizvan oğlu Əsgərova hesabatlarda səhvlərə yol verdiyinə görə töhmət verilmişdir.
Qax Rayon Statistika İdarəsinin 24 aprel 2014-cü il tarixli 10/k nömrəli əmri ilə idarənin məsləhətçisi Qərənfil Məhəmməd qızı Mustafayevaya verlmiş tapşırığı vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilmişdir.
Dövlət Statistika Komitəsinin dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına ciddi nəzarət edilir.