Qazaxıstanın Almatı şəhərində “İnformasiya iqtisadiyyatının statistikasının istehsalı” mövzusunda təlim kursu keçirilmişdir

25.12.2014

Dövlət Statistika Komitəsinin nümayəndələri Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov və Nəqliyyat, informasiya və rabitə statistikası sektorunun müdiri İsmayıl Süleymanov 2014-cü il 8-12 dekabr tarixlərində “İnformasiya iqtisadiyyatının statistikasının istehsalı” mövzusunda Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD), Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Şimali və Mərkəzi Asiya regional bölməsinin (NCA) təşkilatçılığı ilə Almatı şəhərində keçirilmiş təlim kursunda iştirak etmişlər.
Regional kurs Azərbaycandan, Belarusdan, Moldovadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Rusiyadan, Tacikistandan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilmişdir.
Təlim kursunda UNCTAD-ın informasiya və kommunikasiya texnologiyalarından (IKT) istifadənin öyrənilməsi üzrə ölkələrarası tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyi, informasiya kommunikasiya texnologiyalarının, texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə İKT-dən istifadəyə dair məlumatların toplanmasında yeni standartlardan və metodlardan istifadənin vacibliyi, mövcud olan göstəricilərə yenidən baxılmasının zəruriliyi bildirilmişdir. UNCTAD-ın əsas məqsədlərdən biri inkişaf etməkdə olan ölkələrdə milli statistika təşkilatlarını bu sahədə baş vermiş yeniliklərlə məlumatlandırmaqdan ibarətdir.
İnformasiya iqtisadiyyatının statistik məlumatlarının istehsalına dair təlim kursu müəssisələrdə İKT-dən və İKT sektoruna aid olan beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların rəsmi istehsalçılarının potensialının yüksəldilməsinə yönəldilmişdir. Kurs zamanı məlumat istehsalçılarının müəssisələrdə İKT-dən istifadənin öyrənilməsinə dair məlumatlarla təmin olunmasına, İKT-dən istifadənin öyrənilməsi üçün müxtəlif fazaların: məlumatların toplanması, işlənməsi və yayılmasının metodoloji əsasları, müəssisələrdə İKT-dən istifadənin və İKT sektorunun müşahidəsi üçün statistik işlərin layihələndirilməsində istifadə olunacaq göstəricilərin, təsnifatların tərtib edilməsi ilə əlaqədar informasiya iqtisadiyyatının tədqiqatı ilə əlaqədar anlayışlara, İKT-dən istifadənin öyrənilməsində baş verən dəyişikliklərin, həmçinin müəssisələrdə İKT-dən istifadənin öyrənilməsi üçün aparılacaq statistika müşahidələrinin keçirilməsinə, İKT sahəsində statistik məlumatları təqdim edənlər və məlumat istifadəçiləri arasında əlaqələrin institusional aspektlərinə dair məsələlər müzakirə olunmuşdur.
UNCTAD-ın metodologiyası əsasında təşkil olunmuş təlim kursu əsasən İKT göstəriciləri haqqında anlayışa, İKT sahəsində məlumatların toplanması strategiyasının hazırlanmasına, müəssisələrdə İKT müşahidəsinin layihələndirilməsinə, İKT müşahidəsi məlumatlarının işlənməsinə, İKT məlumatlarının yayılmasına dair bölmələri əhatə etmişdir.