Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə əmtəə ixrac olunmuş, 135 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.
On bir ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 36,7 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 28,6 milyard dollar, idxalın həcmi 8,1 milyard dollar təşkil etmiş, nəticədə 20,5 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 1,6 milyard dollar təşkil etmişdir. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 166,8 dollara bərabər olmuşdur.
Tel: 538-76-95