Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2014-cü il ərzində ötən illə müqayisədə 2.8 faiz artaraq 59.0 milyard manata çatmışdır. Əlavə dəyərin 41.5 faizi sənaye sahələrində, 12.5 faizi tikinti kompleksində, 5.3 faizi kənd təsərrüfatında, 4.5 faizi nəqliyyatda, 9.9 faizi ticarət və pullu xidmət sahələrində, 1.8 faizi rabitədə, 17.0 faizi digər sahələrdə istehsal olunmuşdur.
Əhalinin hər nəfərinə 6264.1 manatlıq (7985.9 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7.0 faiz artmış, neft sektorunda isə 2.9 faiz azalmışdır.
Sənaye məhsulu istehsalı 2013-cü illə müqayisədə 0.7 faiz azalaraq 31.9 milyard manata çatmış, onun 69.6 faizi və ya 22.2 milyard manatı mədənçıxarma bölməsində, 24.0 faizi, yaxud 7.6 milyard manatı emal bölməsində, 5.7 faizi və ya 1.8 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.7 faizi və ya 231.8 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin neft sektorunda məhsul istehsalı 2.4 faiz azalmış, qeyri-neft sektorunda isə 6.9 faiz artmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından 41.9 milyon ton və ya 2.8 faiz az xam neft, 18.7 milyard kub metr, yaxud 4.9 faiz çox əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində qida məhsulları istehsalı 1.4 faiz, içki istehsalı 8.1 faiz, geyim istehsalı 59.9 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 1.9 faiz, kimya sənayesi məhsulları istehsalı 32.0 faiz, tikinti materialları istehsalı 22.2 faiz, hazır metal məmulatlarının istehsalı 6.2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11.0 faiz, elektrik avadanlıqları istehsalı 12.1 faiz, avtomobil və qoşquların istehsalı 58.2 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.4 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 80.9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 41.0 faiz artmışdır.
2014-cü ildə ölkənin elektrik stansiyalarında 21.9 milyard kVt.saat elektrik enerjisi (6.3 faiz çox) istehsal olunmuşdur.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2014-cü ildə qarğıdalı da daxil olmaqla 2383,3 min ton taxıl, 819,3 min ton kartof, 1187,7 min ton tərəvəz, 41,0 min ton pambıq, 849,9 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,7 min ton üzüm, 175,1 min ton şəkər çuğunduru, 20,3 min ton dən üçün günəbaxan, 2,9 min ton tütün, 474,2 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 505,5 min ton ət, 1855,8 min ton süd, 1562,7 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal olunmuşdur. 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 3,3 faiz, yumurta istehsalı 11,5 faiz, yun istehsalı 1,6 faiz artmışdır.
İlkin məlumatlara görə 2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2706,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1304,0 min baş inək və camış, 8681,5 min baş qoyun və keçi mövcud olmuşdur. 2014-cü il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 3,6 min baş (0,1 faiz), o cümlədən inək və camışların sayı 2,4 min baş (0,2 faiz), qoyun və keçilərin sayı 51,0 min baş (0,6 faiz) artmışdır.
Dəyər ifadəsində kənd təsərrüfatının ümumi məhsulu 2013-cü ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları 8,3 faiz azalmış, heyvandarlıq məhsulları isə 3,0 faiz artmış, cari qiymətlərlə 5225,8 milyon manatlıq məhsul istehsal olunmuşdur.
2015-ci ilin məhsulu üçün 1017,0 min hektar sahədə şum qaldırmış, 875,7 min hektar sahədə dən üçün taxıl, o cümlədən 537,2 min hektar sahədə buğda, 338,4 min hektar sahədə arpa səpmişlər.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17.6 milyard manat həcmində vəsait yönəldilmiş, 13.3 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2013-cü illə müqayisədə tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11.8 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 63.9 faizi, yaxud 11.2 milyard manat sərf olunmuşdur. Vəsaitin 72.3 faizini və ya 12.7 milyard manatını daxili investisiyalar təşkil etmişdir.
2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 6266.0 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1978.3 min kv.metr yaşayış evləri, 29230 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 251 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 280 çarpayılıq xəstəxana, 1332 yerlik məktəbəqədər təhsil müəssisəsi, 294 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Naftalan şəhərində “Qarabağ SPA and Resort” Otel Kompleksi, Abşeron rayonunda Şahmat və Musiqi məktəbləri, Stadion, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən - Əhmədli - Dünyamalılar kəndlərarası avtomobil yolu, Daşkəsən rayonunda Avtovağzal Kompleksi, Füzuli rayonunda Tikiş fabriki,Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolu, Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, İsmayıllı rayonunda Çörək istehsalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, Şəmkir rayonunda Çörək zavodu, Şəmkirçay üzərində Su anbarı və Su Elektrik Stansiyası və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 222.0 milyon ton yük və 1.8 milyard nəfər sərnişin daşınmış, 2013-cü ilə nisbətən yük daşınması 1.9 faiz, sərnişin daşınması isə 4.7 faiz artmışdır. Yüklərin 9.8 faizi dəmir yolu, 58.0 faizi avtomobil nəqliyyatı, 27.7 faizi boru kəməri vasitəsilə, sərnişinlərin 88.0 faizi avtomobil nəqliyyatı, 11.8 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1620.0 milyon manatlıq rabitə xidməti göstərmiş və 2013-cü illə müqayisədə 15.1 faiz artmışdır. Rabitə xidmətlərinin 914.6 milyon manatı və ya 56.5 faizi mobil rabitənin payına düşmüşdür.
Ticarət və pullu xidmət. 2014-cü ildə əhaliyə 22.0 milyard manatlıq istehlak malları satılmış və 10.0 faiz artmış, pullu xidmətlərin həcmi isə 7.2 faiz artaraq 7.0 milyard manata çatmışdır. İstehlak bazarından alınmış məhsulların 50.1 faizini ərzaq məhsulları, 49.9 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 3.9 faiz, qeyri-ərzaq mallarının satışı isə 16.2 faiz artmışdır. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 48.4 faizi qida məhsulları və içkilərin, 1.7 faizi tütün məmulatlarının, 18.7 faizi toxuculuq malları, geyim və ayaqqabının, 4.7 faizi elektrik malları və mebelin, 0.6 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1.4 faizi əczaçılıq və tibb mallarının, 7.1 faizi avtomobil yanacaqlarının, 17.4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2014-cü ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2336.8 manatlıq və ya 2013-cü illə müqayisədə 222.5 manat çox müxtəlif istehlak malları almışdır.
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 28.8 milyard dollar təşkil etmişdir. Əmtəə dövriyyəsinin 71.9 faizini və ya 20.7 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 28.1 faizini (8.1 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 12.6 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 90.8 faizi uzaq xarici ölkələrlə, 9.2 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəyə idxal olunmuş malların 77.2 faizi (6.3 milyard dolları) uzaq xarici dövlətlərdən, 22.8 faizi (1.8 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur.
İxrac olunmuş malların 96.2 faizi, yaxud 19.9 milyard dolları uzaq xarici ölkələrə, 3.8 faizi və ya 787.2 milyon dolları MDB üzvü dövlətlərinə göndərilmişdir. 2013-cü ilin müvafiq dövründəkindən daha çox neft məhsulları, meyvə-tərəvəz, mineral və qazlı sular, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları və s. ixrac olunmuşdur.
Xarici ticarət əməliyyatları İtaliya, Almaniya, İndoneziya, Rusiya, Fransa, Türkiyə, İsrail, ABŞ, Böyük Britaniya, İspaniya, Hindistan, Tailand dövlətləri ilə daha intensiv olmuşdur.
Yanvar-noyabr aylarında ölkəmizə 47.3 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
Xam neftin ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-in məlumatları nəzərə alınmaqla yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 36.7 milyard dollara, o cümlədən ixrac 28.6 milyard dollara bərabər olmuş və 20.5 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin 4.7 faiz azalması ilə yanaşı qeyri-neft məhsullarının ixracı da 1.1 faiz azalmışdır.
İstehlak qiymətləri və xidmət tarifləri. İstehlak mallarının qiymətləri və xidmət tarifləri dekabr ayında noyabrla müqayisədə 0.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.1 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə eyni səviyyədə qalmışdır. 2014-cü ildə 2013-cü ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.2 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşmışdır.
Əmək haqqı. Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-noyabr aylarında 5.4 faiz artaraq 442.1 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 709.5 manat, tikinti kompleksində 626.7 manat, nəqliyyatda 538.0 manat, informasiya və rabitə sahəsində 733.5 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə 17.2 milyard manat daxil olmuş, büdcədən 15.1 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 40.5 faizi və ya 6.1 milyard manatı iqtisadiyyatın inkişafına, 11.7 faizi (1.8 milyard manatı) səhiyyə və təhsilə, 11.8 faizi (1.8 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3.9 faizinə bərabər və ya 2072.0 milyon manatlıq profisit yaranmışdur.
Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4.8 faiz artaraq 39.4 milyard manata, əhalinin hər nəfərə düşən məbləği isə 3.5 faiz artaraq 4180.5 manata çatmışdır. Gəlirlərin 68.8 faizi son istehlaka, 8.7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10.4 faiz artaraq 7.1 milyard manata çatmışdır. Əmanətlərin 4.5 milyard manatını və ya 63.2 faizini milli valyuta, 2.6 milyard manatını isə xarici valyuta təşkil etmiş, vəsaitin 5.4 milyard manatı özəl banklara qoyulmuşdur.
Kredit qoyuluşu. Yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19.1 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 18.2 milyard manata çatmışdır. Kreditlərin 79.5 faizi uzun müddətə verilmiş, 5.4 faizinin ödəmə vaxtı keçmişdir.
2014-cü il dekabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9583.2 min nəfərə çataraq ilin əvvəlindən 106.1 min nəfər və ya 1.1 faiz artmışdır.
Manatın məzənnəsi. 2014-cü ilin dekabr ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0.78 manat, 1 Avroya 0.97 manat, 100 Rusiya rubluna 1.40 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.04 və 2.10 manat olmuşdur.
Göstəricilər | 2014-cü ildə faktiki, milyon manat | 2014-cü il 2013-сü ilə nisbətən, faizlə | Məlumat üçün: 2013-cü il 2012-сi ilə nisbətən, faizlə |
Ümumi daxili məhsul | 58 977,8 | 102,8 | 105,8 |
o cümlədən qeyri-neft ÜDM-si | 35 968,6 | 107,0 | 110,0 |
Sənaye məhsulu | 31 866,4 | 99,3 | 101,8 |
o cümlədən qeyri-neft sənayesi | 7 189,8 | 106,9 | 104,8 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 17 615,8 | 98,3 | 115,1 |
o cümlədən qeyri-neft sektoruna | 11 651,6 | 91,0 | 112,1 |
Kənd təsərrüfatı məhsulu | 5 225,8 | 97,4 | 104,9 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 222,0 | 101,9 | 103,4 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 159,0 | 103,4 | 107,0 |
İnformasiya və rabitə xidmətləri | 1 620,0 | 115,1 | 110,7 |
Pərakəndə ticarət dövriyyəsi | 22 001,7 | 110,0 | 109,9 |
Əhaliyə göstərilən pullu xidmətlər | 7 016,4 | 107,2 | 108,2 |
Dövlət büdcəsinin gəlirləri | 17 168,9 x) | 97,1 xx) | 112,7x xx) |
Dövlət büdcəsinin xərcləri | 15 096,9 x) | 94,3 xx) | 114,8x xx) |
Dövlət büdcəsinin profisiti | 2 072,0 | - | - |
Əhalinin gəlirləri | 39 360,7 | 104,8 | 108,0 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 4 180,5 | 103,5 | 106,6 |
Orta aylıq əmək haqqı, manat | 442,1 x) | 105,4 xx) | 106,8x xx) |
İstehlak qiymətlərinin indeksi | x | 101,4 | 102,4 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 36 692,1 x) | 95,33) | x |
o cümlədən: | |||
ixrac | 28 580,0 x) | 99,33) | x |
ondan qeyri-neft məhsulu ixracı | 1 569,6 x) | 98,93) | 107,44) |
idxal | 8 112,1 x) | 83,03) | 113,24) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 28 825,6 x) | 93,43) | 107,24) |
o cümlədən: | |||
ixrac | 20 713,5 x) | 98,03) | 104,94) |
idxal | 8 112,1 x) | 83,03) | 113,24) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2014-cü ilin yanvar-noyabr ayları 2013-cü ilin yanvar-noyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2013-cü ilin yanvar-noyabr ayları 2012-ci ilin yanvar-noyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə; x) 2014-cü ilin yanvar-noyabr ayları; xx) 2014-cü ilin yanvar-noyabr ayları 2013-cü ilin yanvar-noyabr aylarına nisbətən; xxx) 2013-cü ilin yanvar-noyabr ayları 2012-ci ilin yanvar-noyabr aylarına nisbətən. |