Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Аzərbаycаndа dеmоqrаfik vəziyyət
Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 115,9 min nəfər və yaxud 1,2 faiz artaraq 2015-ci ilin əvvəlinə 9593,0 min nəfər olmuşdur.
2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş vermişdir. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunmuş və bu amil əhalinin ümumi artımının 0,9 faizini təşkil etmişdir.
Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür və hər 1000 kişiyə 1009 qadın düşür.
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olmuşdur. Belə ki, 2014-cü ildə ölkədə 170,5 min körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil etmişdir. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulmuşdur.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil etmişdir.
2014-cü il ərzində ölkədə 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,0 və 1,3 olmuşdur.
Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması miqrasiya saldosunun son illər ərzində müsbət olaraq qalmasına ciddi təsir göstərmişdir. 2014-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınmışdır.
Tel: 538-51-43