Dövlət Statistika Komitəsində TAİEX proqramı çərçivəsində “Qeyri-rəsmi məşğulluq və qeyri-formal sektorda məşğulluğun qiymətləndirilməsi”nə dair seminar keçirilmişdir.

27.02.2015

23-25 fevral 2015-ci il tarixlərində Dövlət Statistika Komitəsində Avropa İttifaqının Avropa Qonşuluq və Əməkdaşlıq Aləti üzrə TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində “Qeyri-rəsmi məşğulluq və qeyri-formal sektorda məşğulluğun qiymətləndirilməsi”nə dair seminar təşkil edilmişdir. Seminarda Aparatın və BHM-in Əmək statistikası şöbələrinin və Statistik məlumatların elmi-tədqiqat və layihə-texnoloji mərkəzinin mütəxəssisləri, eyni zamanda İtaliya Milli Statistika İnstitutunun mütəxəssisi iştirak etmişlər.
Seminarın əsas məqsədi aşağıdakılardan ibarət olmuşdur:
-əmək bazarında fəaliyyət göstərən qeyri-rəsmi məşğul əhali və qeyri-formal sektorda çalışan məşğul əhalinin qiymətləndirilməsinə dair beynəlxalq standartların və Aİ tövsiyələrinin milli səviyyədə tətbiq olunması;
-beynəlxalq standartlar və Aİ tövsiyələrinə uyğun olaraq, qeyri-rəsmi məşğulluğun və qeyri-formal sektorda çalışan məşğul əhalinin qiymətləndirilməsi ilə bağlı sorğu anketinin tərtib olunmasına dair müzakirələr;
-qeyri-rəsmi məşğul əhali və qeyri-formal sektorda çalışan məşğul əhalinin qiymətləndirilməsinə dair mövcud metodologiyanın təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması.
Seminar 3 gün davam etmişdir. İlk öncə İtaliya Milli Statistika İnstitutunun mütəxəssisi cənab Karlo De Gregorio İtaliyada Əmək statistikasının mövcud vəziyyəti haqqında məlumatlar təqdim etmiş, daha sonra gündəliyə uyğun olaraq, qeyri-rəsmi məşğulluğun metodoloji izahları, statistik müayinənin keçirilməsi üçün sorğu anketinin tərtib olunması, beynəlxalq standartlara uyğun metodologiyanın və müayinənin seçmə strukturunun təkmilləşdirilməsi, eləcə də müxtəlif mənbələrdən qeyri-rəsmi məşğulluğa dair əldə olunan məlumatların yoxlanılması, təhlili və istifadəçilərə çatdırılması mövzusunda təqdimatlar etmişdir. Eyni zamanda, İtaliya MSİ-nin bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat vermişdir.
Seminarın keçirildiyi müddətdə göstərilən məsələlərlə bağlı geniş müzakirələr aparılmış və layihə çərçivəsində bu sahə üzrə biliklərin və təcrübənin artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.