BMT-nin Statistika Komissiyasının 46-cı sessiyası keçirilmişdir

13.03.2015

3-6 mart 2015-ci il tarixdə BMT-nin Statistika Komissiyasının ABŞ-ın Nyu York şəhərində 46-cı sessiyası keçirilmişdir.
Sessiyada Dövlət Statistika Komitəsini sədr müavini Yusif Yusifov təmsil etmiş və müxtəlif məsələlər üzrə Komitənin mövqeyini bildirmişdir.
Müzakirələrdə beynəlxalq və milli səviyyədə minilliyin inkişaf məqsədlərinə dair müəyyən olunmuş göstəricilər üzrə təhlillərin aparılmasına və 2015-ci ildən sonrakı dövr üçün yeni göstəricilərin hazırlanmasına ehtiyac olduğu, ayrı-ayrı qeyri-statistika təşkilatları tərəfindən internet texnologiyası vasitəsilə statistika məlumatlarının toplanması və yayılması, istifadəçilərin müxtəlif məlumat mənbələrindən istifadə etməsi kontekstində statistika orqanlarının əlaqələndirici rolunun gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
Əhali siyahıyaalınmasının 2010-cu il mərhələsinin yekunları və 2020-ci il mərhələsinə hazırlıq çərçivəsində “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair prinsip və tövsiyələr, 3-cü nəşr” adlı vəsaitin öyrənilməsi və tətbiqi tövsiyə edilmişdir.
Statistik məqsədlər üçün yeni hazırlanmış cinayətkarlığın beynəlxalq təsnifatı ilə bağlı məlumat verilmişdir.
Komissiya ilk dəfə olaraq qaçqınlar üzrə statistikanın təşkili məsələsi ilə bağlı sənədə baxmışdır. Sənəddə qaçqınlarla bağlı statistikanın təşkili məsələləri, o cümlədən terminologiyanın hazırlanması, bu sahədə statistik məlumatların toplanması və nəşri, yeni metodologiyanın hazırlanması öz əksini tapmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi də bu məsələnin cari sessiyanın gündəliyinə daxil edilməsi üçün əvvəlki sessiyada mövqeyini bildirmiş, BMT-nin Statistika şöbəsinə məktub göndərmiş, həmçinin qaçqın və məcburi köçkünlər üzrə statistikanın təşkili ilə bağlı material hazırlayaraq məruzədə istifadə olunması üçün Statistika şöbəsinə göndərmişdir. Y.Yusifov sənədlə bağlı bildirmişdir ki, BMT-nin “Rəsmi statistikanın əsas prinsipləri”nin birincisində qeyd olunduğu kimi, rəsmi statistikanın əsas vəzifəsi cəmiyyətdə baş verən proseslərin aktual və obyektiv şəkildə işıqlandırılmasıdır. Qaçqın və məcburi köçkünlərin sayının kəskin şəkildə artması, miqrasiya və demoqrafiya statistikasında, eləcə də statistikanın digər sahələrində bu əhali qrupu üzrə məlumatların hazırlanması və istifadəçilərin təmin olunmasını bir daha şərtləndirir. Qaçqın və məcburi köçkünlük amilləri ölkədə baş verən demoqrafik proseslərin dəyişməsinə ciddi təsir edir. Əhali arasında baş verən demoqrafik proseslərin, xüsusilə də miqrasiyanın geniş şəkil alması tədbir görülmədiyi təqdirdə böyük problemlərlə (demoqrafik dəyişikliklər, sosial problemlər və s.) müşayiət oluna bilər. Həmin hadisələrin idarə edilməsi, demoqrafik proseslərin tənzimlənməsi, müvafiq əhali qrupu və onun mühüm hissəsi olan məcburi miqrantlarla bağlı strategiyanın hazırlanması üçün statistik məlumatlar olmalıdır. Beynəlxalq və daxili miqrasiya bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda bilavasitə qaçqınlarla və məcburi köçkünlərlə sıx bağlıdır. Miqrasiya statistikasının təşkili qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhalinin statistikasının təşkilindən asılıdır. Ona görə də qaçqın və məcburi köçkünlər üzrə statistikanın təşkili üçün beynəlxalq səviyyədə işçi qruplar yaradılmalı, konfrans təşkil olunmalı, metodologiyalar hazırlanmalıdır.
Təqdim olunmuş digər sənəddə Milli Hesablar Sistemi 2008-in tətbiqi ilə bağlı mövcud vəziyyətin öyrənilməsi, beynəlxalq təşkilatların bu istiqamətdəki fəaliyyəti, qarşıda duran vəzifələrlə bağlı məlumat verilmişdir.
Beynəlxalq ticarət və iqtisadi qloballaşma statistikası müzakirə edilmişdir. Vurğulanmışdır ki, müxtəlif transmilli şirkətlər şəbəkəsi tərəfindən həyata keçirilən ticarət əməliyyatları, regional və qlobal mənada statistik uçotu çətinləşdirmişdir. Transmilli şirkətlər tərəfindən həyata keçirilən birbaşa xarici investisiyalar, müəssisələrin digər ölkələrdə yerləşən vahidləri tərəfindən yaradılan əlavə dəyər, intellektual mülkiyyətlə bağlı xidmətlərin axını statistikanın müxtəlif sahələrində, o cümlədən sahələrarası balansın tərtibində problemlər yaratmışdır. Bununla bağlı sessiyada yeni sistemin hazırlanması və müvafiq işçi qrupun yaradılması, qlobal istehsal birliklərinin reyestrinin tərtib olunması, birbaşa investisiya və ticarət göstəriciləri arasında fərqlərin azaldılması sahəsində səylərin artırılması məqsədəuyğun hesab olunmuşdur.
Ekoloji-iqtisadi hesabların əsas elementlərinin tətbiqi ilə bağlı görülmüş işlər və qarşıda duran əsas vəzifələr haqqında məruzədə hesabların qurulması istiqamətində fəaliyyətlərin əlaqələndirilməsi, ekoloji-iqtisadi hesablarla bağlı BMT-nin statistika şöbəsi tərəfindən aparılmış qlobal qiymətləndirmə, təlimlərin həyata keçirilməsi, pilot tətbiqi və s. məsələlərlə bağlı mühüm məqamlar diqqətə çatdırılmışdır.
Beynəlxalq müqayisələr proqramı müzakirə edilmişdir. Bildirilmişdir ki, beynəlxalq müqayisələr proqramının 2011-ci il mərhələsində bütün ölkələr iştirak etmiş və göstəriciyə olan tələb və inam xeyli artmışdır. Bu mərhələdə metodoloji və arayış tipli vəsaitlər təkmilləşdirilmiş, metaməlumatlar işlənib hazırlanmışdır. Təcrübə göstərmişdir ki, göstəricinin tərtib olunmasında istifadə olunan 6 illik interval çoxdur, onun 2-3 ildən bir hesablanması və illər üzrə interpolasiyası nəzərdə tutulmalıdır.
Əvvəlki illərdə keçirilmiş sessiyalarda rəsmi statistikanın əsas prinsiplərinin tətbiqi, qabaqcıl təcrübələr, milli statistikanın müstəqilliyinin tam təmin olunması üçün fəaliyyətlərin gücləndirilməsi qərara alınmış, 2014-cü ildə keçirilmiş 45-ci sessiyada isə sənədin preambula hissəsi yenilənmişdir. Ötən dövr ərzində əsas prinsiplərin tətbiqi ilə bağlı metodoloji göstərişin layihəsi hazırlanmış, ölkələrə sorğular göndərilmişdir. Sessiya ölkələrə tövsiyə etmişdir ki, əsas prinsiplərin tətbiqi ilə bağlı ölkə təcrübələrini yaysınlar və BMT-nin Statistika şöbəsi onların yenilənməsi, metodoloji göstərişlərin təkmilləşdirilməsi, eləcə də əsas prinsiplərin tətbiqi vəziyyəti ilə bağlı davamlı monitorinqlər təşkil etsinlər.
Müsbət haldır ki, BMT-nin Statistika şöbəsi və işçi qrupu tərəfindən yeni hazırlanmış “Rəsmi statistikanın əsas prinsipləri. Tətbiqə dair vəsait”də Azərbaycan təcrübəsinə dair məlumatlar nümunə kimi verilmişdir. Belə ki, 1-ci “Aktuallıq, obyektivlik və bərabər giriş” və 10-cu “Beynəlxalq əməkdaşlıq” prinsiplərinin rəsmi statistikaya dair ölkə qanununda təsbit olunması ilə bağlı ölkə təcrübəsi haqqında məlumatlar vəsaitdə əks etdirilmişdir. Bu məlumatlar Dövlət Statistika Komitəsinin öz təşəbbüsü ilə ölkə təcrübəsinə dair hazırladığı və BMT-nin saytında yerləşdirilmiş materiallardan götürülmüşdür.
Sessiyada qeyd olunanlarla yanaşı səhiyyə, gender, vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı və əhalinin təbii hərəkəti, xidmət, maliyyə, ətraf mühit, insan potensialı inkişafı statistikası, habelə müəssisələr reyestri, ümumdünya statistika günü, statistikanın inteqrasiyası, geocoğrafi informasiyalar və digər məsələlərə baxılmışdır.