Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2005-ci ilin yanvar-sentyabr aylarında ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 129 ölkəsi ilə qarşılıqlı faydalı xarici ticarət əlaqələri qurmuş və xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,7 milyard ABŞ dolları, o cümlədən ixrac 2,5 milyard və idxal 3,2 milyard dollar təşkil etmişdir. 2004-cü ilin doqquz ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 21,5 faiz, idxal 27,7 faiz, ixrac 14,4 faiz artmışdır. İxrac-idxal əməliyyatlarının 33,3 faizi AB ölkələri, 30,4 faizi MDB ölkələri, 36,3 faizi digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyənin 54,9 faizi Avropa, 41,3 faizi Asiya, 2,9 faizi Amerika, 0,8 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi Okeaniyanın payına düşmüşdür. Xarici ticarət əməliyyatlarının 80 faizindən çoxu İtaliya, Rusiya, Türkmənistan, Sinqapur, Türkiyə, Birləşmiş Krallıq, Fransa, Almaniya, İran, Gürcüstan, Ukrayna, Çin, Niderland, Amerika Birləşmiş Ştatları və Xorvatiyanın hesabına formalaşmışdır.