Ev təsərrüfatları tədqiqatında yeni texnologiya tətbiq edilmişdir

18.03.2015

2015-ci ilin fevral ayında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi BMT-nin Uşaq Fondunun ekspert və metodoloji köməkliyi ilə məhrumiyyətlərə dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirmişdir. Statistik məlumatların yerlərdən real vaxt rejimində daha dolğun, operativ formada qəbul edilib hazırlanması üçün planşet tipli tablet kompyuterlərdən istifadə edilmişdir.
İnkişaf etmiş ölkələrin statistika qurumları arasında ilk təcrübələrdən sayılan bu texnoloji yeniliyin üstünlüyü məlumatların toplanmasında kağızdan istifadə olunmamasıdır. Statistik məlumatlar planşet tipli tablet kompyuterlərdə yerləşdirilmiş cədvəllərə yazılaraq sensorlu ekran vasitəsilə yaddaşa köçürülmüş və istənilən internet məkanında xüsusi proqram paketi vasitəsilə birbaşa Komitənin server şəbəkəsinin xüsusi ünvanına ötürülmüşdür. Sorğu zamanı səhvlərin buraxılması ehtimalını minimuma endirmək üçün tərtib olunmuş məntiqi nəzarət proqramı vasitəsi ilə sorğunun dolğunluğu yoxlanmışdır. Serverə daxil olan statistik məlumatlar daha sonra məlumat bazaları fayllarına çevrilərək işlənmə prosesinə qəbul edilir.
Cari ildə bu texnologiyanın mərhələlərlə ev təsərrüfatlarının tədqiqatında və qiymət müşahidəsinin aparılmasında tam tətbiqi nəzərdə tutulmuşdur.