Tacikistan Respublikasının Düşənbə şəhərində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssisləri üçün “Keyfiyyətin idarə edilməsi sisteminin, statistika sisteminin və təşkilatının fəaliyyətinin ölçülməsi” mövzusunda təlim keçirilmişdir

09.04.2015

Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev 2015-ci ilin 01-02 aprel tarixlərində İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Treninq Mərkəzinin (SESRİC) təşkilatçılığı ilə Tacikistan Respublikasının Düşənbə şəhərində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssisləri üçün “Keyfiyyətin idarə edilməsi sisteminin, statistika sisteminin və təşkilatının fəaliyyətinin ölçülməsi” mövzusunda təşkil edilmiş təlimdə mühazirəçi qismində iştirak etmişdir. (http://www.sesrtcic.org/event-detail.php?id=1154).
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin keyfiyyətin idarə edilməsi sistemi (KİS) və metaməlumatlar sahəsində olan təcrübəsinin və əldə edilmiş nailiyyətlərin yayılması, təbliğatı və təşviqi və o cümlədən tacik mütəxəssislərinin bu sahə üzrə təcrübələrinin artırılmasından ibarət olmuşdur.
Təlimin əsas gündəliyi nümayəndəmiz tərəfimdən hazırlanaraq əvvəlcədən Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Treninq Mərkəzinə (SESRİC) göndərilmiş və iştirakçı mütəxəssislər arasında yayımı təmin edilmişdir. Gündəliyə əsasən keyfiyyət mədəniyyətinin formalaşması, siyasət və məqsədlər, keyfiyyətin təminatı, keyfiyyətin qiymətləndirilməsi meyarları və üsulları, insan resurslarının idarə olunması və təlimlərin təşkili, statistik proseslərin idarə olunması, proseslərin sənədləşdirilməsi, özünü qiymətləndirmələrin planlanması, keçirilməsi və dəyərləndirilməsi, keyfiyyətə dair beynəlxalq standartlar və statistika qanunvericiliyi sahəsində əldə olunan son nailiyyətlərin öyrənilməsi və müzakirəsi daxil idi.
Təlimdə Statistika Agentliyinin bütün sahə şöbələri iştirak etmişdir. Dövlətstatkomun nümayəndəsi tərəfindən 6 əsas təqdimat, o cümlədən “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində İSO 9001:2008 standartı əsasında keyfiyyətin idarə olunması sisteminin (KİS) qurulması və tətbiqi”, “Dövlət Statistika Komitəsində Keyfiyyətin idarə edilməsi sisteminin 2010-2015-ci illər üzrə inkişaf dinamikası”, “Dövlət Statistika Komitəsində keyfiyyətə nəzarət cədvəllərinin tətbiqi”, “Azərbaycanın rəsmi statistikasında keyfiyyətin təmin olunması: konseptual baxış”, “Azərbaycan Respublikasının Rəsmi statistikasında proseslərin sənədləşdirilməsi təcrübəsi” və “Dövlət Statistika Komitəsinin rəsmi statistika sistemində fəaliyyəti” təqdim edilmişdir.
Təlimdə iştirak edən mütəxəssislər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin keyfiyyətin idarə olunması sisteminə dair hazırladığı metodologiyalar, sənədlər və digər əyani vəsaitlərlə tanış olmuş və maraqlandıqları suallar nümayəndəmiz tərəfindən cavablandırılmışdır.