Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Ümumi Daxili Məhsul istehsalı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,3 faiz artaraq 11,5 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 34,7 faizi sənaye sahələrində, 12,5 faizi tikinti kompleksində, 15,0 faizi ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,2 faizi nəqliyyatda, 2,2 faizi rabitə müəssisələrində, 3,0 faizi aqrar bölmədə, 16,2 faizi digər sahələrdə yaradılmışdır. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 7,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artmışdır.
2015-ci ilin birinci rübündə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,6 faiz, o cümlədən neft hasilatı 1,8 faiz, əmtəəlik qaz hasilatı isə 11,2 faiz artmışdır.
Sənaye məhsulunun 58,7 faizi mədənçıxarma bölməsində, 30,9 faizi emal bölməsində, 9,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Üç ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 3,0 faiz, kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı 1,5 dəfə, hazır metal məmulatların istehsalı 8,0 faiz, tikinti materialları istehsalı 28,4 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 9,7 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,0 faiz artmışdır.
Üç ay ərzində istehsal olunmuş məhsulun 99,7 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2015-ci il vəziyyətinə 312,8 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 116,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 7,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 3,0 min hektar sahədə dən üçün qarğıdalı, 28,8 min hektar sahədə kartof, 25,1 min hektar sahədə tərəvəz, 64,0 hektar sahədə pambıq, 3,2 min hektar sahədə bostan bitkiləri, 774,0 hektar sahədə dən üçün günəbaxan, 1,7 min hektar sahədə şəkər çuğunduru, 46,0 min hektar sahədə çoxillik otlar əkilmişdir.
01 yanvar 2015-ci il vəziyyəti ilə müqayisədə birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 0,2 faiz artaraq 2701,9 min, qoyun və keçilərin sayı 1,6 faiz artaraq 8784,4 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 2,5 faiz artaraq 109,8 min ton, süd istehsalı 4,3 faiz artaraq 426,9 min ton, yumurta istehsalı 5,1 faiz artaraq 390,1 milyon ədəd olmuşdur.
Cari ilin üç ayında tarlalardan 13,0 min ton və ya keçən ilin müvafiq dövründəkindən 9,8 faiz çox tərəvəz toplanmışdır.
Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5,9 faiz, heyvandarlıq məhsulları istehsalı 3,3 faiz artmışdır. Yanvar-mart aylarında inşaat işlərinə 3232,8 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox vəsait yönəldilmiş və onun 2421,4 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 14.5 faiz artım olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 1768,4 milyon manatı daxili mənbələrdən daxil olmuşdur.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına üç ay ərzində 414,5 min kvadrat metr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 1658 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Atıcılıq Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli və s. istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2004-cü ildən bu günə qədər ölkədə 1394,4 min yeni, o cümlədən 1035,4 min daimi iş yeri yaradılmışdır. 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 157,1 min yeni, o cümlədən 129,6 min daimi iş yeri açılmışdır. Təkcə 2015-ci ilin birinci rübündə ölkədə yaradılmış yeni iş yerlərinin sayı 29,8 min, o cümlədən daimi iş yerlərinin sayı 25,0 min olmuşdur.
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-mart ayları ərzində 50,4 milyon ton yük və 429,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 2,6 faiz, sərnişin daşınması 3,8 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,9 faiz, dəmir yolu ilə 7,5 faiz, hava nəqliyyatı ilə 65,8 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 3,9 faiz, hava nəqliyyatı ilə 4,1 faiz artmışdır.
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 379,4 milyon manat təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5760,3 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 1675,6 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi 9,6 faiz, pullu xidmətlərin həcmi isə 5,3 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 2894,0 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 2866,3 milyon manatlıq qeyri-ərzaq malları almışlar.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-fevral aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 4041,7 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 57,8 faizini və ya 2334,6 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 42,2 faizini (1707,1 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 627,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarər dövriyyəsinin həcmi 25,5 faiz, o cümlədən ixrac 20,4 faiz, idxal isə 42,0 faiz artmışdır. Əmtəə mübadiləsinin 9,9 faizi və ya 400,7 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 43,0 faizi və ya 1737,5 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 47,1 faizi (1903,5 milyon dolları) digər dövlətlərlə aparılmışdır.
Ölkəmizə idxal olunmuş malların 19,8 faizi və ya 338,3 milyon dollarlığı MDB üzvü ölkələrindən, 21,5 faizi və ya 366,7 milyon dollarlığı Avropa İttifaqı ölkələrindən, 58,7 faizi (1002,1 milyon dolları) digər dövlətlərdən daxil olmuşdur.
Ölkədən ixrac edilmiş malların 2,7 faizi və ya 62,4 milyon dollarlığı MDB üzvü ölkələrinə, 58,7 faizi və ya 1370,8 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 38,6 faizi (901,4 milyon dolları) digər dövlətlərə göndərilmişdir.
Cari ilin iki ayında qeyri-neft məhsullarının ixracı keçən ilin müvafiq dövrünün göstəricisini 72,6 faiz üstələyərək 349,9 milyon dollar təşkil etmişdir. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 60,2 faiz, digər sənaye təyinatlı malların ixracı isə 2,4 dəfə artmışdır.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayında fevral ayı ilə müqayisədə 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşmışdır. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-mart aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,4 faiz, xidmət tarifləri isə 1,6 faiz artmışdır.
Yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,5 manat təşkil etmişdir.
2015-ci ilin birinci rübündə ölkə əhalisinin gəlirləri 5,3 faiz artaraq 9,5 milyard manata çatmışdır. Gəlirlərin 75,7 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olmuş, büdcədən 2,7 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 80,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,1 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 1,4 milyard manatı iqtisadiyyatın inkişafına, 359,1 milyon manatı sosial müdafiə və sosial təminata, 200,8 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir.
2015-ci il martın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il mart ayının 1-i ilə müqayisədə 32,1 faiz artmış, onun 78,2 faizi və ya 16,2 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində məzənnə korreksiyası nəzərə alınmaqla 20,3 faiz artaraq mart ayının 1-i vəziyyətinə 7,9 milyard manata çatmışdır.
Mart ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,14 manata, 100 Rusiya rubluna 1,73 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,9 manata, 1,01 manata və 1,44 manata bərabər olmuşdur.
Göstəricilər | 2015-ci ilin yanvar-martı faktiki, milyon manat | 2015-ci ilin yanvar-martı 2014-сü ilin yanvar-martına nisbətən, faizlə | Məlumat üçün: 2014-cü ilin yanvar-martı 2013-сü ilin yanvar-martına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 11 525,0 | 105,3 | 102,5 |
o cümlədən qeyri-neft ÜDM-si | 7 872,8 | 107,0 | 108,8 |
Sənaye məhsulu | 5 792,0 | 103,9 | 97,6 |
o cümlədən qeyri-neft sənayesi | 1 850,7 | 109,0 | 106,8 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 3 232,8 | 103,0 | 107,0 |
o cümlədən tikinti- quraşdırma işlərinə | 2 421,4 | 114,5 | 125,4 |
Kənd təsərrüfatı məhsulu | 629,3 | 103,4 | 103,4 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 50,4 | 102,6 | 101,5 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 33,9 | 102,8 | 105,7 |
İnformasiya və rabitə xidmətləri | 379,4 | 109,3 | 112,4 |
Pərakəndə ticarət dövriyyəsi | 5 760,3 | 109,6 | 109,2 |
Əhaliyə göstərilən pullu xidmətlər | 1 675,6 | 105,3 | 107,0 |
Dövlət büdcəsinin gəlirləri | 2 762,4 x) | 88,8 xx) | 97,2 xxx) |
Dövlət büdcəsinin xərcləri | 2 682,3 x) | 87,6 xx) | 105,8 xxx) |
Dövlət büdcəsinin profisiti | 80,1 | - | - |
Əhalinin gəlirləri | 9 455,9 | 105,3 | 103,2 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 996,8 | 104,0 | 102,0 |
Orta aylıq əmək haqqı, manat | 444,5 x) | 104,3 xx) | 106,7 xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 102,8 | 102,0 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 4 646,7 x) | 116,1 3) | х |
o cümlədən: | |||
ixrac | 2 939,6 x) | 110,1 3) | х |
idxal | 1 707,1 x) | 142,0 3) | 82,2 4) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 4041,7 x) | 125,5 3) | 90,9 4) |
o cümlədən: | |||
ixrac | 2334,6 x) | 120,4 3) | 93,9 4) |
ondan qeyri-neft məhsulu ixracı | 349,9 x) | 172,6 3) | 90,3 4) |
idxal | 1 707,1 x) | 142,0 3) | 82,2 4) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2015-ci ilin yanvar-fevralı 2014-cü ilin yanvar-fevralına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2014-cü ilin yanvar-fevralı 2013-cü ilin yanvar-fevralına nisbətən, müqayisəli qiymətlərlə; x) 2015-ci ilin yanvar-fevralı; xx) 2015-ci ilin yanvar-fevralı 2014-cü ilin yanvar-fevralına nisbətən; xxx) 2014-cü ilin yanvar-fevralı 2013-cü ilin yanvar-fevralına nisbətən. |