Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ümumi daxili məhsul istehsalı 5,5 faiz artaraq 16,6 milyard manat təşkil etmiş, əlavə dəyərin 36,2 faizi sənayedə, 13,5 faizi tikinti kompleksində, 13,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,0 faizi nəqliyyatda, 2,0 faizi rabitə müəssisələrində, 3,0 faizi kənd təsərrüfatında, 15,2 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər isə 10,6 faiz təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 6,8 faiz, neft-qaz sektorunda isə 4,0 faiz artmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-aprel aylarında 8,5 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 3,9 faiz, o cümlədən neft hasilatı 0,8 faiz, əmtəəlik qaz hasilatı isə 12,4 faiz artmışdır.
Sənaye məhsulunun 62,3 faizi mədənçıxarmada, 28,5 faizi emal bölməsində, 8,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Emal bölməsində qida məhsullarının istehsalı 3,9 faiz, neft məhsullarının istehsalı 10,0 faiz, kimya sənayesi 84,2 faiz, rezin və plastmas məmulatların istehsalı 17,3 faiz, tikinti materialları istehsalı 14,7 faiz, metallurgiya sənayesi 3,3 faiz, hazır metal məmulatların istehsalı 76,9 faiz, elektrik avadanlıqlarının istehsalı 72,1 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 3,0 faiz artmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 8,1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,5 faiz artmışdır.
İstehsal olunmuş məhsulun 98,8 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2015-ci il vəziyyətinə 392,3 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz-tarla işləri davam etdirilmiş və may ayının 1-nə kimi 253,2 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 21,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 18,2 min hektar sahədə dən üçün qarğıdalı, 54,0 min hektar sahədə kartof, 51,2 min hektar sahədə tərəvəz, 11,7 min hektar sahədə pambıq çiyidi, 16,7 min hektar sahədə bostan bitkiləri, 4,0 min hektar sahədə şəkər çuğunduru, 6,0 min hektar sahədə dən üçün günəbaxan, 857 hektar sahədə tütün əkilmişdir.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən dörd ay ərzində diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 148,0 min tona, süd istehsalı 5,1 faiz artaraq 599,0 min tona, yumurta istehsalı 3,9 faiz artaraq 515,8 milyon ədədə çatmış, ötən ildəkindən 3,1 faiz çox və ya 2,8 min ton yun qırxılmışdır.
Bitkiçilik məhsullarından 51,2 min ton və ya 9,8 faiz çox tərəvəz, 6,9 min ton və ya 15,8 faiz çox kartof istehsal edilmişdir.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,4 faiz, heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 3,7 faiz artmışdır.
Tikinti. 2015-ci ilin yanvar-aprel aylarında inşaat işlərinə 4868,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 3333,8 milyon manatı və ya 68,5 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 2821,5 milyon manatını daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 3771,8 milyon manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 962,5 milyon manatından istifadə edilmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-aprel aylarında 589,5 min kvadrat metr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 3068 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Bakı Konqres Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-aprel aylarında 68,6 milyon ton yük və 584,9 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,4 faiz, sərnişin daşınması 3,6 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 5,2 faiz, hava nəqliyyatı ilə 15,1 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 3,0 faiz, hava nəqliyyatı ilə 3,8 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artaraq yanvar-aprel aylarında 514,3 milyon manat təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 7496,7 milyon manatlıq istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 2111,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,6 faiz, pullu xidmətlərin həcmi isə 5,2 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 3753,4 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 3743,3 milyon manatlıq qeyri-ərzaq malları almışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin birinci rübündə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 5812,1 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 58,2 faizini və ya 3383,7 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 41,8 faizini (2428,4 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 955,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 24,7 faiz, o cümlədən ixrac 20,8 faiz, idxal isə 36,6 faiz artmışdır. Əmtəə mübadiləsinin 9,4 faizi və ya 548,4 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 46,4 faizi və ya 2697,0 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 44,2 faizi (2566,7 milyon dolları) digər dövlətlərlə aparılmışdır.
Ölkəyə idxal olunmuş malların 19,4 faizi və ya 470,1 milyon dollarlığı MDB üzvü ölkələrinin, 25,4 faizi və ya 617,5 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 55,2 faizi (1340,8 milyon dolları) digər dövlətlərin payına düşür.
Ölkədən ixrac edilmiş malların 2,3 faizi və ya 78,3 milyon dollarlığı MDB üzvü ölkələrinə, 61,5 faizi və ya 2079,5 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 36,2 faizi (1225,9 milyon dolları) digər dövlətlərə göndərilmişdir.
Cari ilin birinci rübündə qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünün göstəricisini 38,9 faiz üstələyərək 474,2 milyon dollar təşkil etmişdir. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 53,5 faiz, digər sənaye təyinatlı malların ixracı isə 61,3 faiz artmışdır.
Aprel ayında mart ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, xidmət tarifləri 0,9 faiz ucuzlaşmış, ərzaq məhsullarının qiymətləri isə 0,5 faiz bahalaşmışdır. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6 faiz, xidmət tarifləri isə 1,5 faiz artmışdır.
Yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 449,5 manat təşkil etmişdir.
2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 5,7 faiz artaraq 12,6 milyard manata çatmışdır. Gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin birinci rübündə dövlət büdcəsinə 3,9 milyard manat vəsait daxil olmuş, büdcədən 4,2 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 251,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,2 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 2,1 milyard manatı iqtisadiyyatın inkişafına, 522,1 milyon manatı sosial müdafiə və sosial təminata, 387,6 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir.
2015-ci il aprel ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il aprel ayının 1-i ilə müqayisədə 29,8 faiz artmış, onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 2015-ci il aprel ayının 1-nə 7,8 milyard manata çatmışdır.
Aprel ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,13 manata, 100 Rusiya rubluna 1,99 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,94 manata, 1,04 manata və 1,58 manata bərabər olmuşdur.
Göstəricilər | 2015-ci ilin yanvar-apreli faktiki, milyon manat | 2015-ci ilin yanvar-apreli 2014-сü ilin yanvar-aprelinə nisbətən, faizlə | Məlumat üçün: 2014-cü ilin yanvar-apreli 2013-сü ilin yanvar-aprelinə nisbətən, faizlə |
Ümumi daxili məhsul | 16 639,0 | 105,5 | 103,2 |
o cümlədən qeyri-neft ÜDM-si | 11 035,6 | 106,8 | 109,0 |
Sənaye məhsulu | 8 471,9 | 103,7 | 98,0 |
o cümlədən qeyri-neft sənayesi | 2 369,8 | 110,5 | 104,3 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 4 868,6 | 103,5 | 108,6 |
o cümlədən tikinti- quraşdırma işlərinə | 3 771,8 | 109,9 | 125,6 |
Kənd təsərrüfatı məhsulu | 910,0 | 103,7 | 103,3 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 68,6 | 101,4 | 101,9 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 47,6 | 103,6 | 103,5 |
İnformasiya və rabitə xidmətləri | 514,3 | 110,6 | 112,3 |
Pərakəndə ticarət dövriyyəsi | 7 496,7 | 109,6 | 109,1 |
Əhaliyə göstərilən pullu xidmətlər | 2 111,9 | 105,2 | 106,6 |
Dövlət büdcəsinin gəlirləri | 3 938,8 x) | 87,9 xx) | 96,0 xxx) |
Dövlət büdcəsinin xərcləri | 4 189,8 x) | 95,8 xx) | 96,9 xxx) |
Dövlət büdcəsinin kəsiri | 251,0 | - | - |
Əhalinin gəlirləri | 12 649,3 | 105,7 | 103,4 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 1 333,0 | 104,4 | 102,1 |
Orta aylıq əmək haqqı, manat | 449,5 x) | 103,5 xx) | 106,6 xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 103,1 | 101,9 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 6 877,5 x) | 112,6 3) | х |
o cümlədən: | |||
ixrac | 4 449,1 x) | 107,3 3) | х |
idxal | 2 428,4 x) | 136,6 3) | 79,1 4) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 5 812,1 x) | 124,7 3) | 85,0 4) |
o cümlədən: | |||
ixrac | 3 383,7 x) | 120,8 3) | 87,1 4) |
ondan qeyri-neft məhsulu ixracı | 474,2 x) | 138,9 3) | 88,2 4) |
idxal | 2 428,4 x) | 136,6 3) | 79,1 4) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2015-ci ilin yanvar-martı 2014-cü ilin yanvar-martına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2014-cü ilin yanvar-martı 2013-cü ilin yanvar-martına nisbətən, müqayisəli qiymətlərlə; x) 2015-ci ilin yanvar-martı; xx) 2015-ci ilin yanvar-martı 2014-cü ilin yanvar-martına nisbətən; xxx) 2014-cü ilin yanvar-martı 2013-cü ilin yanvar-martına nisbətən. |