Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Cenevrə şəhərində “Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminar və “Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun sessiyası keçirilmişdir
Cari il may ayının 11-dən 13-dək Cenevrə şəhərində “Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminar və “Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun 10-cu sessiyası keçirilmişdir.
Tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Albaniya, Makedoniya, Bosniya və Herseqovinanın, Avropa Ətraf Mühit Agentliyinin, MDB Dövlətlərarası Statistika Komitəsinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir. Azərbaycan Respublikasını bu tədbirlərdə Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri R.Lazımova təmsil etmişdir.
“Su ehtiyatları statistikası və su göstəricilərinə dair” seminar su ehtiyatları, təbii mənbələrdən suyun götürülməsi və istifadəsinə dair statistik məlumat və göstəricilərin müqayisəsinə həsr olunmuşdur. Su ehtiyatları statistikası və su göstəricilərinin mühüm konseptual və terminoloji məsələləri ilə tanışlıq, su ehtiyatlarının 3 göstəricisi (bərpa olunan şirin su ehtiyatları, təbii mənbələrdən götürülən su və sudan istifadə) üzrə məlumatların toplanması, onların keyfiyyətinə nəzarət və yayılması sahəsindəki uğurlu praktika və təcrübənin mübadiləsi məsələlərinin müzakirəsi seminarın əsas məqsədlərindən idi.
BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndəsi Annukka Lipponen çıxışında su ehtiyatlarının hazırkı vəziyyəti barədə məlumatların bu sahədə düzgün siyasi
qərarların qəbulunda əhəmiyyətli rol oynadığını bildirmişdir. Qeyd edilmişdir ki, su ehtiyatlarının prioritet təşkil edən göstəriciləri bərpa olunan şirin su ehtiyatları, təbii mənbələrdən suyun götürülməsi, sudan istifadə göstəriciləridir.
Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Rusiya, Bosniya və Herseqovina nümayəndələri tərəfindən su ehtiyatları, təbii mənbələrdən götürülən və istifadə olunan suya dair göstəricilər haqqında təqdimatlarla çıxış etmişlər.
Dövlətstatkomun nümayəndəsi tərəfindən təqdim olunan təqdimatda Azərbaycanda sudan istifadəyə dair hüquqi baza, ölkənin su təsərrüfatının idarə edilməsinin strukturu, “Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, suya dair uçot və hesabat sistemi, su statistikası məlumatlarının qrafik təsviri, rəsmi statistik nəşrlər haqqında geniş məlumat verilmişdir.
“Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun 10-cu sessiyasında seçki yolu ilə işçi qrupun sədri və sədr müavini müəyyənləşmişdir. Sədr vəzifəsinə Qazaxıstan təmsilçisi Aygül Babayeva, sədrin müavini vəzifəsinə isə Belaruslu Natalya Jarkina seçilmişdir.
Sessiyada seçilmiş 14 ekoloji göstəricinin istehsalı, birgə onlayn istifadəsi və mübadiləsi sahəsində əldə edilmiş irəliləyişlərə dair tövsiyyələrə əməl olunması məsələsi müzakirə olunmuşdur. Katibliyin ekspertləri Aleksandr Şexovtsov və Robin Rieprix 14 ekoloji göstəricinin (atmosfer havasına çirkləndirici maddələrin atılması, şəhər yerlərində atmosfer havasının keyfiyyəti, ozondağıdıcı maddələrin istehlakı, istilik effekti yaradan qazların atılması, çaylarda ammoniumum konsentrasiyası və oksigenə biokimyəvi tələbat, şirin sudakı biogen maddələr, mühafizə olunan ərazilər, tullantıların əmələ gəlməsi, bərpa olunan şirin su ehtiyatları, şirin suyun götürülməsi, su istehlakı, yox olma təhlükəsi altında olan və mühafizə olunan növlər, gübrələrin verilməsi, sərnişin dövriyyəsi) istehsalı və mübadiləsi sahəsində əldə olunmuş nailiyyətlərə dair geniş analiz təqdim etmişdir.
İştirakçı ölkələr tərəfindən məlumatların istehsalı və mübadiləsindəki son dəyişikliklərlə bağlı məlumat verilmişdir.
Albaniya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan nümayəndələri seçilmiş göstəricilərin istehsalı və mübadiləsinə dair təqdimat etmişlər.
Sessiyada işçi qrupun üzvlərinə Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupun 16-cı sessiyasının (İstanbul, 16-17 aprel 2015-ci il) və “yaşıl artım” üzrə işçi müşavirənin (Paris, 10-11 mart 2015-ci il) yekunları haqqında məlumat verilmişdir.
Tədbirdə “ŞAQMA ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr”də əks etdirilmiş tullantılar üzrə göstəricilərə də baxılmışdır.
Sessiyanın sonunda Katiblik tərəfindən Ekoloji-iqtisadi uçot sistemi (EİUS), məqsədli işçi qrupun fəaliyyətilə EİUS arasındakı əlaqələr və 2015-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulan EİUS-lə bağlı tədbirlər barədə məlumat verilmişdir.