2015-ci ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

09.06.2015

2015-ci ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşmışdır.
Ay ərzində buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
May ayında qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətləri bahalaşmış, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətləri isə ucuzlaşmışdır.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72