2015-ci ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

09.06.2015

2015-ci ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 9,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 10,5 faiz, emal sənayesi üzrə isə istehsalçı qiymətləri 2,8 faiz bahalaşmışdır.
Cari ilin may ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 2,2 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 10,6 faiz, metal filizlərinin hasilatı üzrə isə istehsalçı qiymətlərində 1,3 faiz bahalaşma müşahidə olunmuşdur.
May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 1,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, kimya sənayesi üzrə 14,9 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 4,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 3,9 faiz, neft məhsullarının istehsalı üzrə 3,5 faiz, geyim istehsalı üzrə 2,7 faiz, içki istehsalı üzrə 2,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,8 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, metallurgiya sənayesi və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2 faiz, tütün məmulatlarının istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Əlaqə telefonu: 538-52-72