Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-may aylarında 21,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 36,4 faizi sənayedə, 13,7 faizi tikinti kompleksində, 13,7 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,1 faizi nəqliyyatda, 2,0 faizi rabitədə, 3,3 faizi kənd təsərrüfatında, 15,7 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.
2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 7,6 faiz, neft-qaz sektorunda isə 2,4 faiz artmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-may aylarında 10,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 2,5 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 11,5 faiz artmış, neft hasilatı isə 0,9 faiz azalmışdır.
Sənaye məhsulunun 63,5 faizi mədənçıxarmada, 28,0 faizi emal bölməsində, 7,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Emal bölməsində qida məhsullarının istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 14,3 faiz, kimya sənayesi 2,0 dəfə, rezin və plastmas məmulatların istehsalı 8,2 faiz, tikinti materialları istehsalı 17,6 faiz, metallurgiya sənayesi 14,4 faiz, hazır metal məmulatların istehsalı və elektrik avadanlıqlarının istehsalı sahələrinin hər biri 1,9 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 4,3 faiz artmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7,0 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 12,4 faiz artmışdır.
İstehsal edilmiş məhsulun 99,2 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2015-ci il vəziyyətinə 376,4 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-nə kimi 349,9 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 27,9 min hektar sahədə dənli və dənli paxlalılar, 34,6 min hektar sahədə dən üçün qarğıdalı, 60,6 min hektar sahədə kartof, 75,1 min hektar sahədə tərəvəz, 18,3 min hektar sahədə pambıq, 27,2 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 9,9 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə tütün əkilmişdir.
Yaz-tarla işləri ilə yanaşı artıq kənd təsərrüfatı məhsullarının yığımına da başlanmışdır. İyun ayının 1-nə kimi tarlalardan 11,6 min ton dənli və dənli paxlalılar, 56,7 min ton kartof, 86,8 min ton tərəvəz, 9,7 min ton meyvə və giləmeyvə, 252 ton yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən 178,9 min ton diri çəkidə ət, 786,1 min ton süd, 658,8 milyon ədəd yumurta, 12,9 min ton yun istehsal olunmuş, 2014-cü ilin eyni dövrünə nisbətən ət istehsalı 2,4 faiz, süd istehsalı 4,4 faiz, yumurta istehsalı 3,2 faiz, yun istehsalı 2,1 faiz artmışdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə mövsümilik nəzərə alınmaqla bitkiçilik məhsulları istehsalı 12,2 faiz, heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,1 faiz artmışdır.
Tikinti. 2015-ci ilin yanvar-may aylarında əsas kapitala 6416,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 4151,1 milyon manatı və ya 64,7 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3791,0 milyon manatını daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 4933,8 milyon manat təşkil etmişdir.
2015-ci ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ötən beş ay ərzində həmin vəsaitin 1188,2 milyon manatından istifadə edilmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-may aylarında 723,8 min kvadrat metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4548 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-may aylarında 88,7 milyon ton yük və 735,7 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,3 faiz, sərnişin daşınması 3,7 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 6,5 faiz, hava nəqliyyatı ilə 15,9 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 3,2 faiz, hava nəqliyyatı ilə 3,0 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artaraq yanvar-may aylarında 653,2 milyon manat təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 9531,6 milyon manatlıq istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 2615,6 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,7 faiz, pullu xidmətlərin həcmi isə 5,4 faiz artmış, ticarət şəbəkəsində 4777,3 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatı, 4754,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-aprel aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 7673,4 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 55,7 faizini və ya 4270,3 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 44,3 faizini (3403,1 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 867,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 15,4 faiz, o cümlədən ixrac 12,4 faiz, idxal isə 23,4 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,2 faizi və ya 858,2 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 46,4 faizi və ya 3558,7 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 42,4 faizi (3256,5 milyon dolları) digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş malların 21,5 faizi və ya 732,1 milyon dollarlığı MDB üzvü ölkələrinin, 26,8 faizi və ya 911,0 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 51,7 faizi (1760,0 milyon dolları) digər dövlətlərin payına düşür.
İxrac edilmiş malların 3,0 faizi və ya 126,1 milyon dollarlığı MDB üzvü ölkələrinə, 62,0 faizi və ya 2647,7 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 35,0 faizi (1496,5 milyon dolları) digər ölkələrə göndərilmişdir.
Yanvar-aprel aylarında qeyri-neft məhsulları ixracının həcmi keçən ilin eyni dövrünün göstəricisini 34,9 faiz üstələyərək 596,5 milyon dollar təşkil etmişdir.
Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 25,1 faiz, sənaye mallarının ixracı isə 35,4 faiz artmışdır.
Aprel ayı ilə müqayisədə may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, xidmət tarifləri isə 1,4 faiz artmışdır.
Yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 452,3 manat təşkil etmişdir.
Həmin dövr ərzində ölkə əhalisinin gəlirləri 5,8 faiz artaraq 16,2 milyard manata çatmışdır. Gəlirlərin 73,9 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 5,4 milyard manat vəsait daxil olmuş, büdcədən 6,2 milyard manat vəsait xərclənmiş, büdcənin kəsiri ümumi daxili məhsulun 4,9 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 3,3 milyard manatı iqtisadiyyatın inkişafına, 666,7 milyon manatı sosial müdafiə və sosial təminata, 578,2 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilmişdir.
2015-ci il may ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il may ayının 1-i ilə müqayisədə 26,8 faiz artmış, onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,1 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 2015-ci il may ayının 1-nə 7,7 milyard manata çatmışdır.
May ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,17 manata, 100 Rusiya rubluna 2,07 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,96 manata, 1,07 manata və 1,67 manata bərabər olmuşdur.
Göstəricilər | 2015-ci ilin yanvar-mayı faktiki, milyon manat | 2015-ci ilin yanvar-mayı 2014-сü ilin yanvar-mayına nisbətən, faizlə | Məlumat üçün: 2014-cü ilin yanvar-mayı 2013-сü ilin yanvar-mayına nisbətən, faizlə |
Ümumi daxili məhsul | 21 344,3 | 105,3 | 102,8 |
o cümlədən qeyri-neft ÜDM-si | 14 112,9 | 107,6 | 108,3 |
Sənaye məhsulu | 10 840,7 | 103,7 | 97,9 |
o cümlədən qeyri-neft sənayesi | 2 934,0 | 112,4 | 103,4 |
Əsas kapitala yönəldilmiş vəsaitlər | 6 416,3 | 103,7 | 106,0 |
o cümlədən tikinti- quraşdırma işlərinə | 4 933,8 | 112,0 | 118,3 |
Kənd təsərrüfatı məhsulu | 1 291,0 | 104,1 | 102,7 |
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton | 88,7 | 101,3 | 102,1 |
o cümlədən qeyri-neft yüklərinin daşınması | 62,2 | 102,7 | 103,7 |
İnformasiya və rabitə xidmətləri | 653,2 | 110,6 | 112,0 |
Pərakəndə ticarət dövriyyəsi | 9 531,6 | 109,7 | 108,8 |
Əhaliyə göstərilən pullu xidmətlər | 2 615,6 | 105,4 | 106,8 |
Dövlət büdcəsinin gəlirləri | 5 356,2 x) | 82,8 xx) | 97,3 xxx) |
Dövlət büdcəsinin xərcləri | 6 178,7 x) | 101,8 xx) | 97,2 xxx) |
Dövlət büdcəsinin kəsiri | 822,5 | - | - |
Əhalinin gəlirləri | 16 163,1 | 105,8 | 103,4 |
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat | 1 702,4 | 104,5 | 102,1 |
Orta aylıq əmək haqqı, manat | 452,3 x) | 103,6 xx) | 106,7 xxx) |
İstehlak qiymətlərinin indeksi | x | 103,4 | 101,7 |
Statistika məlumatı1): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 9 387,2 x) | 108,6 3) | x |
o cümlədən: | |||
ixrac | 5 984,1 x) | 104,9 3) | x |
idxal | 3 403,1 x) | 123,4 3) | 86,4 4) |
Gömrük məlumatı2): | |||
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ | 7 673,4 x) | 115,4 3) | 85,9 4) |
o cümlədən: | |||
ixrac | 4 270,3 x) | 112,4 3) | 85,7 4) |
ondan qeyri-neft məhsulu ixracı | 596,5 x) | 134,9 3) | 85,5 4) |
idxal | 3 403,1 x) | 123,4 3) | 86,4 4) |
Qeyd: 1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla. 2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir. 3) 2015-ci ilin yanvar-aprel ayları 2014-cü ilin yanvar-aprel aylarına nisbətən, müqayisəli qiymətlərlə; 4) 2014-cü ilin yanvar-aprel ayları 2013-cü ilin yanvar-aprel aylarına nisbətən, müqayisəli qiymətlərlə; x) 2015-ci ilin yanvar-aprel ayları; xx) 2015-ci ilin yanvar-aprel ayları 2014-cü ilin yanvar-aprel aylarına nisbətən; xxx) 2014-cü ilin yanvar-aprel ayları 2013-cü ilin yanvar-aprel aylarına nisbətən. |