Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Latviyanın Riqa şəhərində “Statistikada keyfiyyət: Milli statistika sistemi” mövzusunda Yüksək səviyyəli seminar keçirilmişdir
2015-ci ilin 1-3 iyun tarixlərində Avrostatın təşkilatçılığı ilə Latviyanın Riqa şəhərində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) ölkələri üçün “Statistikada keyfiyyət: Milli statistika sistemi” mövzusunda keçirilmiş Yüksək səviyyəli seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev iştirak etmişlər.
Yüksək səviyyəli seminarın təşkilində Avrostata texniki dəstək: məruzəçilərin təmin edilməsi, seminarın təşkili və digər məsələlərlə bağlı təchizat “EIR Global Development Consulting” tərəfindən göstərilmişdir.
Seminarın keçirilməsində əsas məqsəd Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində milli statistika sisteminin formalaşması və əlaqələndirilməsi, qanunvericilik əsasları, rəsmi statistika, inzibati statistika, inzibati məlumatların müəyyənləşdirilməsi, keyfiyyət mədəniyyəti və onun formalaşması, qlobal və kollegial qiymətləndirmələrin yeni mərhələsi, statistika haqqında Avropa reqlamentinə təkrar baxış, keyfiyyətin təminatı sahəsində son nailiyyətlər, statistika haqqında ümumi nümunəvi qanun layihəsinin müzakirəsi, yeni əməkdaşlıq məsələləri, qlobal qiymətləndirmə zamanı verilmiş tövsiyələrin yerinə yetirilməsi, təlim kursları, keyfiyyətin qiymətləndirilməsi üsulları, müzakirəsi və Avropa konteksti çərçivəsində keyfiyyət təminatının və rəsmi statistikanın, inzibati mənbələrin ümumi qəbul edilmiş və geniş istifadə olunan metodları üzərinə diqqəti cəlb etməkdən ibarət olmuşdur.
Seminarda Azərbaycan da daxil olmaqla Belarus, Gürcüstan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Özbəkistan, Monqolustan, Bolqarıstan, Finlandiya, Latviya, Norveç, Slovakiya və Litvanın statistika təşkilatlarının rəhbərləri və yüksək vəzifəli nümayəndələri, eləcə də Avropa Azad Ticarət Assosiasiyası, Avrostat və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak etmişlər.
Seminar çərçivəsində milli statistika sistemlərində keyfiyyət sahəsində baş verən proseslərin və ən yaxşı təcrübələrin, beynəlxalq və Avropa standartlarına uyğun olaraq rəsmi statistik məlumatların və inzibati məlumatların toplanması, təhlili və yayılmasına dair imkanlar müzakirə olunmuş, statistik proseslərin sənədləşdirilməsi, metaməlumatların yazılması, keyfiyyət məruzələrinin hazırlanması, nəşri və yayılması, statistik biznes proseslərin ümumi qəbul edilmiş GSBPM modeli əsasında inkişafı, statistika təşkilatlarında həyata keçiriləcək qlobal qiymətləndirmələrin ikinci mərhələsində təklif olunan yeni metodlar ilə bağlı təcrübələr bölüşülmüş, iştirakçılar arasında fikir mübadiləsi aparılmış, ölkə təcrübələrinin təqdimatları həyata keçirilmiş, Avropa Statistikasının Normalar Məcəlləsinin keyfiyyətin təminatı sahəsindəki roluna, keyfiyyətin idarəetmə mexanizminin sertifikatlaşdırılması məsələlərinə, özünü qiymətləndirmə metodlarına xüsusi diqqət yetirilmişdir.
Seminar 3 gün ərzində təşkil edilmiş 8 sessiyadan ibarət olmuşdur.
Seminarın birinci günü milli statistika sistemlərində əlaqələndirmə mövzusu müzakirə edilmişdir. Ümumilikdə 4, o cümlədən “Latviya milli statistika sistemində əlaqələndirmə - tələb və təcrübə”, “Keyfiyyət baxımından Finlandiyada milli statistika sisteminin əlaqələndirilməsi”, “Azərbaycan Respublikasında milli statistika sisteminin əlaqələndirilməsi”, “Slovakiya milli statistika sisteminin əlaqələndirilməsi” adlı təqdimatlar edilmişdir. “Azərbaycan Respublikasında milli statistika sisteminin əlaqələndirilməsi” təqdimatında statistika sisteminin strukturu, əlaqələndirilməsi, işçi heyəti, idarəetmə mexanizmi, nailiyyətlər, gələcək planlar, həyata keçirilən və keçiriləcək proqramlar və strategiyalar, yeni standartlar və onların milli statistika sistemində tətbiqi, statistik məlumat mübadiləsi, elektron sənəd dövriyyəsi, təqdim edilən elektron xidmətlər və hesabatların onlayn qəbulu ilə bağlı geniş məlumat verilmişdir.
Seminarın ikinci günü Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin keyfiyyətin idarə edilməsi sistemi barədə məlumat verilərək, 2010-2015-ci illəri əhatə edən sistemin qurulma mexanizmini özündə əks etdirən xülasə təqdim edilmişdir. Qeyd edilmişdir ki, artıq mərkəzi aparatda qurulan və uğurlu nəticə verən sistem yerli statistika orqanlarında da tətbiq edilməkdədir. Bununla əlaqədar “Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhər, Bərdə və Lənkəran rayon statistika idarələrində keyfiyyətin idarə olunması sisteminin qurulmasına dair 2014-2015-ci illər üzrə fəaliyyət planı” və “Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələrində keyfiyyətin idarə olunması sisteminin qurulmasına dair 2015-2016-cı illər üzrə fəaliyyət planı” hazırlanaraq tətbiq edilməkdədir.
Seminarın sonuncu gününün “Əməkdaşlıq məsələləri” adlı 7-ci sessiyasına rəhbərliyi BMT AİK nümayəndəsi xanım L.Bratanova etmişdir. Bu sessiya çərçivəsində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə Avrostat arasında olan statistik əməkdaşlıq, Qlobal Qiymətləndirmələr, onun ikinci yeni mərhələsi və qiymətləndirmələrdən sonra verilən tövsiyələrin yerinə yetirilməsi məsələləri müzakirə edilmişdir. Sessiyada həmçinin donor sorğularının aparılması, onların nəticələri və ölkələrin təklifləri də müzakirə edilmişdir. Qeyd edilmişdir ki, Qlobal qiymətləndirmələrin ikinci yeni mərhələsi birinci ilə müqayisədə fərqli olacaqdır. Belə ki, Assosiasiya sazişinə qoşulan Moldova, Gürcüstan və Ukrayna üçün bu həlli vacib məsələlər toplusundan, digər ölkələr üçün isə tövsiyə xarakterli, lakin həlli arzu edilən məsələlərdən ibarət olacaqdır. Sonda donor sorğularının nəticələrinə görə ölkələrin ehtiyacları və donorların statistikası nümayiş etdirilmişdir.