BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının Romada birgə təşkil etdiyi seminar haqqında

03.07.2015

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov 25-26 iyun 2015-ci il tarixdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Roma şəhərində keçirilmiş seminarda iştirak etmişdir.
Sözügedən tədbirdə Türkiyə, İran, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) kənd təsərrüfatı sahəsi üzrə mütəxəssislər, İtaliya Kənd Təsərrüfatı Nazirliyindən, bir sıra donor təşkilatlardan nümayəndələr iştirak etmişlər.
Seminarın keçirilməsində əsas məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üzrə vahid məlumat bazasının formalaşdırılması və bu bazaya ötürülən informasiyaların müqayisəliliyinin təmin edilməsi üçün eyni yanaşmaların tətbiqi idi. Seminarın keçirildiyi müddət ərzində FENİX platforması, onunla qarşılıqlı əlaqədə olan domenlər, məlumatların yığılmasında istifadə edilən mobil telefonlar üçün proqram təminatı, CountrySTAT proqramı və bu zaman tətbiq edilən sistemlərin üstünlüyü, əhəmiyyəti barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, CountrySTAT proqramı işə düşdükdən sonra hər bir ölkə mövcud cədvəllər üzrə göstəriciləri özü daxil edəcək və məlumatlar CountrySTAT məlumat bazası ilə yanaşı avtomatik olaraq FAO-nun məlumat bazasına yüklənəcəkdir. Bu FAO ilə ölkələr arasında məlumat mübadiləsini sürətləndirəcək, operativliyi təmin edəcək, ölkə məlumatlarına hər hansı bir düzəlişlərin edilməsinin və ya kənar şəxslərin müdaxiləsinin qarşısını alacaqdır.
CountrySTAT proqramı barədə məlumat verilərək bildirilmişdir ki, rəsmi səhifə 3 bölmədən ibarətdir. Birinci bölmədə statistik məlumatların iki səviyyədə: həm ölkə, həm də rayon səviyyəsində yerləşdirilməsi nəzərdə tutulur. Burada kənd təsərrüfatının siyahıyaalınması, ərzaq balansları, torpaqdan istifadə, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı, mal-qaranın sayı və cins tərkibi, mineral gübrələr, pestisidlər, kənd təsərrüfatı texnikası, işçi qüvvəsi, su ehtiyatları, meşəçilik, balıqçılıq, ticarət, qiymət, dövlət xərcləri və s. dair məlumatlar əhatə ediləcəkdir. İkinci bölmə metaməlumatlara, üçüncü bölmə isə sənədlərə (metodologiyalar, göstərişlər, qanunvericilik sənədləri və s.) aid olacaqdır.
Sonda qərara alınmışdır ki, ölkələrdə statistika sahəsindəki mövcud vəziyyəti qiymətləndirmək üçün FAO-nun və İqtisadi Əməkdaşlıq Təşkilatının mütəxəssisləri tərəfindən monitorinq (müvafiq sorğuların göndərilməsi, ezamiyyətlərin təşkili və s.) aparılsın, daha sonra isə pilot layihəyə cəlb ediləcək ölkələrlə bağlı təkliflər verilsin.