11 iyul Ümumdünya Əhali Günüdür
Аzərbаycаndа dеmоqrаfik vəziyyət

09.07.2015

Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5 faiz artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə 9636,3 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini isə kənd sakinləri təşkil edir, 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6,0 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Cari ilin ilk 5 ayı ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 olmuşdur. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.
İlin əvvəlindən ölkədə 23,8 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6,0-a qədər azalmışdır.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalmışdır.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınmışdır.

Tel: 538-51-43