Xarici ticarət əlaqələri haqqında

15.09.2015

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 94 ölkəyə məhsul ixrac olunmuş, 127 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 28-i Amerika, 41-i Asiya ölkələri, 28-i isə digər ölkələrdən olmuşdur.
Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 15953,3 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 10647,9 milyon dollar, idxalın həcmi 5305,4 milyon dollar təşkil etmiş, nəticədə 5342,5 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 973,4 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95