Dövlət Statistika Komitəsində YUNİSEF-in Azərbaycandakı nümayəndələri ilə görüş keçirilib

18.09.2015

Sentyabr ayının 17-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov YUNİSEF- in Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Andro Şilakadze ilə görüşüb.
Görüşdə YUNİSEF və Azərbaycan Hökuməti arasında yeni 2016-2020-ci illər üçün Ölkə Proqram Sənədinin prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Komitənin sədri YUNİSEF-in ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, Dövlət Statistika Komitəsi ilə YUNİSEF arasındakı əməkdaşlıq münasibətlərindən məmnun olduğunu bildirib. YUNİSEF-in uşaqların sağlamlığının mühafizəsi, ana və uşaqlar üçün xidmətlərin təkmilləşdirilməsi və şəraitin yaxşılaşdırılması istiqamətində müsbət nəticələrə nail olduğunu vurğulayıb.
Cənab Andro Şilakadze YUNİSEF tərəfindən hazırlanmış yeni proqramın prioritetləri barədə məlumat verib. O bildirib ki, bu sənəddə uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafı, çətin həyat şəraitində olan uşaqların və ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi və s. məsələlər öz əksini tapır.
Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib və Dövlət Statistika Komitəsi ilə YUNİSEF-in əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.