2015-ci ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında

22.09.2015

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-avqust aylarında 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma, 29,1 faizi emal, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal olunmuşdur.
Mədənçıxarma sənayesində məhsul istehsalı 1,3 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,2 faiz artmış, neft hasilatı isə 2,5 faiz azalmışdır. Planlaşdırılmış profilaktik işlərlə əlaqədar “Şahdəniz” qaz yatağında təbii qazın hasilatının əvvəlki ayla müqayisədə 78,0 faiz azalması ölkə üzrə təbii qaz hasilatının artım sürətinə mənfi təsir etmişdir.
Emal sənayesində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 72,4 faiz, tikinti materiallarının istehsalı 13,7 faiz, metallurgiya məhsullarının istehsalı 6,0 faiz, hazır metal məmulatlarının istehsalı 53,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,4 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 3,8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artmış, neft sektorunda isə 0,9 faiz azalmışdır.

Tel: 539 87 17