Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Əmək bazarı statistikası mövzusunda görüş keçirilmişdir.
Avropa Komissiyasının təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində 2015-ci il oktyabr ayının 5-6-da Tbilisi şəhərində statistika üzrə ekspert qrupunun ikinci iclası təşkil edilmişdir. Əmək bazarı statistikası mövzusuna həsr olunmuş bu tədbirdə Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə və BHM-in Əmək və əhali statistikası məlumatlarının işlənməsi şöbəsinin rəisi Faiz Abdulrəhimov iştirak etmişlər.
Tədbirdə Böyük Britaniya, İtaliya, İsveç, Polşa, Latviya, Litva və Şərq Tərəfdaşlığı ölkələrinin - Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan milli statistika orqanlarının mütəxəssisləri, eyni zamanda Avrostatın statistika üzrə ekspertləri, Gürcüstan Vətəndaş Cəmiyyəti Forumunun və Aİ-nin Gürcüstandakı nümayəndəsinin rəhbərləri olmaqla 31 nəfər iştirak etmişdir.
İki gün davam edən tədbirin məqsədi Avropa ölkələrində əmək bazarı statistikası, o cümlədən əmək statistikasına dair beynəlxalq standartlar, hüquqi əsaslar, metodologiyalar, məlumat mənbələri ilə bağlı müzakirələrin aparılması və göstərilən mövzular üzrə Aİ tərəfindən qəbul edilmiş reqlamentlər, qanunvericilik aktları ilə iştirakçıların məlumatlandırılması olmuşdur.
Avrostatdan və Aİ-yə üzv ölkələrindən (İslandiya, Böyük Britaniya və İsveç) dəvət olunmuş ekspertlər əmək bazarı statistikası sahəsində mövcud Avropa standartları, normativ-hüquqi aktlar, beynəlxalq tövsiyələr əsasında təkmilləşdirilmə işlərinin aparılması və digər mövzular üzrə təqdimatlarla çıxış etmiş, o cümlədən, Şərq Tərəfdaşlığı layihəsinə daxil olan ölkələrin əmək bazarında işçi qüvvəsinin müşahidə edilməsi və onun hüquqi əsasları haqqında məlumatlar dinlənilmişdir.
Bununla yanaşı, Dövlətstatkomun mütəxəssisləri ölkədə beynəlxalq standartlara uyğun həyata keçirilən Əhalinin iqtisadi fəallığına dair müayinə, onun metodoloji izahları, məşğul və işsiz əhalinin müəyyənləşdirilməsində, o cümlədən ölkədə çalışan muzdlu işçilərin əmək haqqına dair məlumatların əldə edilməsində beynəlxalq tövsiyələr və milli qanunvericilik aktları nəzərə alınmaqla hüquqi bazanın mövcudluğu, müayinənin əhatəliliyi və məlumat mənbələri haqqında geniş məlumat vermişdir.
Görüşün sonunda əmək statistikasının təkmilləşdirilməsi məqsədilə Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransında qəbul edilmiş “Əmək fəaliyyəti, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması”na dair Qətnamədən irəli gələn yeni standartların aktuallığı, gələcəkdə bu mövzular ilə bağlı müzakirələrin davam etdirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilmiş və tədbir iştirakçıları tərəfindən bəyənilmişdir.