Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Аzərbаycаndа dеmоqrаfik vəziyyət
Аzərbаycаndа dеmоqrаfik vəziyyət
2015-ci il sentyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9666,0 min nəfərə çataraq ilin əvvəlindən 73,0 min nəfər və ya 0,8 faiz artmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-avqust ayları ərzində doğulanların sayı ölənlərin sayından 71,8 min nəfər çox olmuşdur. Belə ki, cari ilin 8 ayı ərzində ölkədə 109,0 min, yaxud hər gün orta hesabla 449 körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.
Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,2 uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində 37,2 min ölüm halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalmışdır.
Həmin dövrdə qeydiyyat şöbələri tərəfindən 43,9 min nikah və 8,6 min boşanma halları qeydə alınmışdır. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalmışdır.
Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,8 min nəfər gələn və 0,7 min nəfər ölkədən gedən qeydə alınmışdır.
Əlaqə telefonu: 538-51-43