Əhali və mənzil fondu siyahıyaalmalarına dair seminar və ekspertlər qrupunun iclasının yekunları haqqında

16.10.2015

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev cari ilin 28 sentyabr – 2 oktyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası və Avrostat tərəfindən Cenevrə şəhərində təşkil edilmiş əhali və mənzil fondu siyahıyaalmalarına dair seminar və ekspertlər qrupunun iclasında iştirak etmişdir. Seminarın əsas məqsədi Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edən ekspertləri və mütəxəssisləri siyahıyaalmanın 2020-ci il mərhələsilə bağlı öz planlarını müzakirə etmək imkanını yaratmaqdan və Avropa Statistikləri Konfransının əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə yeni tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar mövcud problemləri müzakirə etməkdən ibarət olmuşdur.
Seminarda MDB ölkələrinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Ermənistan), eləcə də Albaniya, Gürcüstan, Ukrayna, Rumıniya statistika orqanlarının, MDB Statistika Komitəsinin, BMT-nin Avropa İqtisadi Komissiyasının, Avrostatın, Avrasiya İqtisadi Komissiyasının mütəxəssisləri iştirak etmişlər. Ümumilikdə seminarda 30 nəfər iştirak etmişlər.
Tədbiri BMT-nin Avropa İqtisadi Komissiyasının və Avropa Statistika Bürosunun Statistika şöbəsinin əməkdaşları açıq elan etdi və əhali və mənzil fondu siyahıyaalınmalarının keçirilməsi, siyahıyaalma məlumatlarının əldə edilməsi və onun yayılmasının vacibliyinə dair iştirakçılara öz tövsiyələrini verdilər.
Daha sonra, Azərbaycan da daxil olmaqla iştirakçı ölkələrin nümayəndələri ölkələrində keçirilmiş sonuncu əhalinin siyahıyaalınması, eləcə də növbəti əhalinin siyahıyaalınmasının keçirilmə müddəti barədə ayrı-ayrılıqda məlumat verdilər.
Ümumilikdə seminarda əhalinin siyahıyaalınmasına dair məlumatların toplanmasını dəstəkləmək üçün inzibati mənbələrin mövcudluğu və tətbiqinin mümkünlüyünə baxış, əhalinin siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə texnoloji innovasiyalar, eləcə də internet cavab, mobil vasitə, planşetlər, GPS, Coğrafi İnformasiya Sistemləri (GIS), əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə Avropa İqtisadi Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi (daimi yaşayış yeri, miqrasiya, iqtisadi xarakteristika) və s. məsələlər müzakirə olundu.
Günün ikinci yarısı əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci mərhələsi üzrə Avropa Statistikləri Konfransının tövsiyələrinin layihəsi ətrafında yuxarıda qeyd olunan məsələlər üzrə müzakirələr aparıldı və seminarın sonunda ekspert qrupunun iclasında müzakirə olunacaq məsələlərə toxunuldu.
Seminardan sonra “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair” ekspert qrupunun iclası öz işinə başladı. Ekspert qrupunun iclasının əsas məqsədi əhali və mənzil fondu siyahiyaalınmasının 2010-cu il mərhələsi üzrə ölkələrin əldə etdikləri təcrübələri və əhali və mənzil fondunun siyahiyaalınmasının 2020-ci il mərhələsi üzrə planlar, eləcə də Avropa Statistikləri Konfransının (ASK) 2016-cı ilin iyun ayında keçiriləcək plenar sessiyasında qəbul ediləcəyi gözlənilən “əhali və mənzil fondu siyahıyaalmaları 2020-ci il üzrə Avropa Statistikləri Konfransının yeni tövsiyələri”nin yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə etməkdən ibarət idi və ASK tərəfindən qəbul edilmiş siyahiyaalmalar üzrə iş planı çərçivəsində təşkil edilmişdir.
İclasda 43 dövlətin (Azərbaycan, Albaniya, Almaniya, Avstriya, Avstraliya, Gürcüstan, Estoniya, Belarus, Bosniya və Hersoqovina, Finlandiya, Fransa, İtaliya, İsrail, İrlandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Latviya, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Macarıstan, Makedoniya, Moldova, Montaneqro, Kanada, Koreya, Rusiya Federasiyası, Rumıniya, Çexiya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Tacikistan, Türkiyə, Ukrayna, Xorvatiya, Birləşmiş Krallıq, ABŞ və Ermənistan) milli statistika idarələrinin nümayəndələri və 8 beynəlxalq təşkilatın mütəxəssisləri iştirak edirdi.
İclasın gündəliyinə əhali və mənzil fondu siyahıyaalmasının 2010-cu il mərhələsi üzrə məlumatların yenilənməsi və 2020-ci il mərhələsi üçün tövsiyələrin hazırlanması, siyahıyaalmanın metodologiyası, siyahıyaalmanın texnologiyası, işçi heyəti, coğrafi xüsusiyyətlər, miqrasiya və mədəni-etnik xüsusiyyətlər, iqtisadi xüsusiyyətlər, təhsil xüsusiyyətləri, ev təsərrüfatları və ailə xüsusiyyətləri, demoqrafik xüsusiyyətlər, mənzil şəraiti, əlillik, digər suallar və gələcəkdə görüləcək işlərlərlə bağlı mövzular daxil edilmişdir.
Mövzularla bağlı İtaliya, Estoniya, ABŞ, Hollandiya, Polşa, Serbiya, Norveç, Kanada və Türkiyə statistika xidmətlərinin, Avropa İqtisadi Komissiyasının, BMT-nin Statistika bölməsinin və MDB Dövlətlərarası Statistika Komitəsinin nümayəndələri məruzə etdilər.
Tədbirin sonunda gələcəkdə görüləcək işlər barədə iştirakçılara məlumat verildi. Bildirildi ki, ekspertlər qrupunun növbəti iclası 2016-cı il 26-30 sentyabr tarixlərinə planlaşdırılır və həmin iclasda əhali və mənzil fondu siyahıyaalınmalarının gəlir və xərclərinin qiymətləndirilməsi, əhalinin sayının hesablanması, xüsusilə də, çətin hesablanan əhali qruplarına dair alternativ üsullar, siyahıyaalmalar üçün yeni məlumat mənbələrindən (misal üçün “Big Data”) mümkün istifadə, siyahıyaalma metodologiyası və texnologiyasında innovasiyalar (misal olaraq coğrafi istinad) və sınağın nəticələri, registr və inzibati mənbələrin keyfiyyəti və tətbiqinin qiymətləndirilməsi üzrə üsullar, siyahıyaalmalar ilə bağlı Milli Statistika İdarələri arasında ikitərəfli və hərtərəfli əməkdaşlıq üçün strukturlar və vasitələr kimi mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulmuşdur.