Əsas kapitala yönəldilmiş vəsait haqqında

20.10.2015

2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11831,2 milyon manatlıq vəsaitin 74,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 60,9 faizi məhsul istehsalı obyektlərinin, 32,3 faizi xidmət sahələri üzrə obyektlərin, 6,8 faizi isə ümumi sahəsi 1327,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 58,0 faizini təşkil etmişdir.
2015-ci ilin doqquz ayında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel”, “Bulvar Hotel” mehmanxana kompleksləri, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Ağsu rayonunda İdman Kompleksi, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsi, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu, Kürdəmir rayonunda Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli, Siyəzən rayonunda Siyəzən-Məşrif avtomobil yolu, Şabran rayonunda “Qalaaltı Otel and SPA” Müalicə-İstirahət Kompleksi, növbədə 180 nəfəri qəbul etmək imkanına malik 4 poliklinika, 7018 şagird yerlik 25 ümumtəhsil məktəbi, 2127 yerlik 20 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub və s. obyektlər istifadəyə verilmişdir.

Tel: 5398717