Avstriyanın Vyana şəhərində “Sənaye statistikası”na dair beynəlxalq seminar keçirilmişdir

05.11.2015

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Fərhad Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) tərəfindən cari ilin 14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində, Vyana Beynəlxalq Mərkəzdə təşkil olunmuş “Sənaye statistikası”na dair beynəlxalq seminarda iştirak etmişdir. Seminarın əsas məqsədi iştirakçılar arasında sənaye statistikası sahəsində aktual problemlər və “Dayanıqlı inkişaf məqsədləri”inin 9-cu “Möhkəm infrastrukturun qurulması, davamlı sənayeləşmənin və innovasiyaların təşviq olunması”nı əks etdirən məqsədi haqqında fikir mübadiləsi aparmaq və sənaye statistikası ilə əlaqədar iştirakçı ölkələrin milli statistika orqanlarının təcrübələrinin paylaşmasından ibarət olmuşdur. Seminar 20 oktyabr 2015-ci il “Ümumdünya Statistika Günü”nə həsr olunmuş sənayeləşmə və iqtisadi artım, informasiya-kommunikasiya texnologiyaları, innovasiya və texnologiya, sosial daxilolmalar və sənayeləşmə, sənayeləşmə və ətraf mühit, “Dayanıqlı inkişaf məqsədləri”nin qlobal monitorinqi kimi mövzuları özündə əks etdirmişdir.
Seminarda Cənubi Afrikanın, Tanzaniya Birləşmiş Respublikasının, Vyetnamın, Uruqvayın, Slovakiyanın, Efiopiyanın, Nepalın, Ukraynanın, Rusiyanın, Nigeriyanın, Laosun, Avstriyanın, Qazaxıstanın, Qananın, Azərbaycanın statistika orqanlarının və Myanmar Sənaye Nazirliyinin mütəxəssisləri, eləcə də Beynəlxalq Əmək Təşkilatının, Vyana Beynəlxalq İqtisadi Elmlər İnstitutunun, Beynəlxalq Enerji Agentliyinin, Vrije Universitetinin (Brüssel), BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA), Beynəlxalq Telekommunikasiya Birliyinin (İTU) və UNİDO-nun nümayəndələri də daxil olmaqla 28 nəfər iştirak etmişdir.
Tədbiri UNİDO-nun baş direktor müavini cənab T.Nişikava açıq elan etmiş və “Dayanıqlı inkişaf məqsədləri”, ikinci dəfə qeyd olunan “Ümumdünya Statistika Günü” haqqında məlumat vermişdir. Daha sonra “Ümumdünya Statistika Günü” və UNİDO-nun Statistika şöbəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbir sənaye statistikasına dair müxtəlif mövzuları əhatə edən altı sessiyadan ibarət olmuşdur. Seminarın birinci gününün ilk sessiyasında UNİDO-nun baş statistiki cənab Ş.Upadhyaya “Ölkələrarası müqayisəli təhlil üçün sənayeləşmənin ölçülməsi” mövzusunda təqdimatla çıxış edərək “Dayanıqlı inkişaf məqsədləri”nin 9-cu məqsədi, sənayeləşmənin əsas göstəriciləri, sənayeləşmənin qlobal vəzifələri, ölçmə problemləri və məlumatların mövcudluğu ilə bağlı məlumat vermişdir.
Ölkə təcrübələrinə dair ilk olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Fərhad Əliyev “Azərbaycanda sənaye statistikası sistemi” adlı təqdimatla çıxış edərək Dövlət Statistika Komitəsi, Sənaye və tikinti statistikası şöbəsi haqqında ümumi məlumat vermişdir. Eyni zamanda biznes registr əsasında məlumatların toplanması, istehsalı, yayılması, sənaye statistikası sahəsində istifadə olunan beynəlxalq təsnifatların milli versiyaları, statistik hesabat formalarının onlayn rejimində doldurulması, sənaye statistikası ilə əlaqədar nəşrlər barədə iştirakçıları məlumatlandırmışdır. Komitə nümayəndəsi tədbirin “Ümumdünya Statistika Günü”nə həsr olunması səbəbi ilə bu günlə bağlı Dövlət Statistika Komitəsi tərəfindən keçiriləcək tədbirlər barədə də ətraflı məlumat vermişdir.
Ümumilikdə üç gün davam edən tədbirdə iştirakçılar tərəfindən enerji məlumatlarının toplanması, hesabat vermə mexanizmi, BEA-nın enerji balanslarında emal sənayesi, layiqli əməyin konsepsiyası, sosial daxilolmalara yanaşmalar, layiqli əməyin ölçülməsinə gender bərabərliyi, emal sektorunda məşğulluq və əmək haqlarında gender boşluqları, emal sənayesi sahəsində müayinələr, kiçik emal müəssisələri, “Dayanıqlı inkişaf məqsədləri”nin 9-cu məqsədinin hədəfləri, elm, texnologiya və innovasiya statistikası üçün rəsmi məlumat mənbələri, elm və texnologiya göstəricilərinə dair məsələlər və s. barədə geniş məlumat verilmişdir.
Tədbirin sonuncu günü əsasən beynəlxalq təşkilatların nümayəndələri tərəfindən təqdimatlar edilmişdir. UNİDO-nun qlobal statistik məlumat bazası, “Dayanıqlı inkişaf məqsədləri” üçün İKT göstəriciləri, mövcud göstəricilər və yeni məlumat mənbələri, sənaye statistikasına uyğun olaraq mətnlərin və bloqların statistik məlumatlara transformasiyası və s. haqqında məruzələr edilmişdir.