Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Uşaq hüquqları aylığı - Azərbaycanda uşaqlar
Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlara qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının da diqqətinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmişdir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası bir sıra beynəlxalq müqavilələrə qoşulmuş və milli qanunvericilik bu sahədə təkmilləşdirilmişdir. Belə ki, Azərbaycan “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının, “Uşaqların kənd təsərrüfatı sahəsində işə qəbulunun minimal yaş həddi haqqında”, “Yeniyetmələrin donanmada kömür yükləyən və ya ocaqçı kimi işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında”, “Gəmilərdə çalışan uşaqların və yeniyetmələrin məcburi tibbi müayinəsi haqqında”, “Sənayedə işə qəbul etmək üçün uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Qeyri-sənaye işlərində uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Sənayedə uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin gecə əməyinin məhdudlaşdırılması haqqında” və “Sənayedə yeniyetmələrin gecə əməyi haqqında” Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının, eləcə də “Nikahdankənar uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasının iştirakçısıdır.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası beynəlxalq normalara uyğun olaraq milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar həyata keçirmişdir. Belə ki, 1998-ci il 19 may tarixdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətin bu sahədə həyata keçirdiyi hüquqi islahatların davamı olaraq 1999-cu il 22 iyun tarixdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2003-cü il 17 iyun tarixdən etibarən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmişdir. Ümumilikdə, 2004-cü ildən bu günədək uşaq siyasəti ilə bağlı 17 Dövlət Proqramı qəbul edilmişdir.
Əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.
Hazırda 18 yaşadək uşaqlar ölkə əhalisinin 26,7 faizini təşkil edir. 2014-cü ildə Azərbaycanda 170,5 min, cari ilin 8 ayı ərzində isə 109,0 min körpə dünyaya gəlmişdir ki, onların da 53,2 faizini oğlan, 46,8 faizini isə qızlar təşkil edir. Körpələrin 1970-i əkiz, 63-ü üçəmdir.
Hesablamalara görə ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 74,2 yaş, o cümlədən oğlanlarda 71,6, qızlarda isə 76,8 yaş təşкil еdir.
Son illərdə ölkədə körpə ölümü nəzərəçarpacaq dərəcədə azalmışdır. Belə ki, ötən əsrin 60-cı illərində körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 49,1, 90-cı illərdə 28,2 olduğu halda, 2014-cü ildə bu göstərici azalaraq 10,2 təşkil etmişdir.
Uşaqların sağlamlığının qorunması dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. 2015-ci ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 251 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,0 min nəfər həkim-pediatr çalışmışdır.
Sağlam nəslin yetişməsində idman və bədən tərbiyəsinin rolu əvəzsizdir. Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 349,4 min nəfər olmuşdur. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstu tennis kimi idman növlərinə maraq göstərirlər.
Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur.
2015-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə 9,9 min ailədə olan 19,2 min uşağa aylıq sosial müavinət təyin olunmuşdur. Bu müavinətləri alan uşaqların 70 nəfəri şəhid ailələrinin, 17,8 mini müharibə əlillərinin, 1,1 mini I və II qrup Çernobıl AES əlillərinin, 230 nəfəri isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olmuşdur. Həmçinin, sağlamlıq imkanları məhdud olan 65,6 min uşağa və 6176 ailənin 1 yaşınadək olan 6228 uşağına aylıq sosial müavinətlər verilmişdir. Bundan əlavə, 117,5 min aztəminatlı ailənin 252,1 min nəfər 18 yaşadək üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Ölkəmizdə bütün uşaqlar keyfiyyətli təhsil almaq hüququna malikdirlər. Hazırda Azərbaycanda 1706 məktəbəqədər təhsil müəssisəsi, 4475 gündüz ümumtəhsil məktəbi, 113 peşə məktəbi və peşə liseyi, 61 orta ixtisas təhsil müəssisəsi, 53 ali məktəb fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 2260 uşaq dərnəkləri və kollektivləri, 80 uşaq kitabxanası və 237 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali və gender statistikası şöbəsinin müdiri | Rza Allahverdiyev |