2015-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

17.11.2015

2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,9 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1 faiz artaraq 4825,3 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-oktyabr aylarında 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 87,0 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artmış, neft sektorunda isə 0,6 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2015-ci il vəziyyətinə 330,2 milyon manatlıq hazır məhsul olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilmiş və həmin sahələrdən 2785,1 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 34,3 min hektar dən üçün qarğıdalı sahəsindən 205,7 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 827,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 min ton çox kartof, 1234,0 min ton (66,1 min ton çox) tərəvəz, 483,5 min ton (42,7 min ton çox) bostan məhsulları, 714,8 min ton (13,8 min ton çox) meyvə və giləmeyvə, 142,3 min ton (4,8 min ton çox) üzüm, 557,9 ton (121,7 ton çox) yaşıl çay yarpağı, 140,7 min ton (58,2 min ton çox) şəkər çuğunduru, 3338,7 ton (627 ton çox) tütün yarpağı yığılmışdır.
Sahələrdən 27,0 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmiş, 18,8 min ton dən üçün günəbaxan yığılmışdır.
2015-ci ilin yanvar-oktyabr aylarında 385,1 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1625,8 min ton (3,8 faiz çox) süd, 1290,0 milyon ədəd (0,7 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunmuşdur.
Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalının 10,7 faiz, heyvandarlıq məhsulları istehsalının 2,4 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 6,7 faiz təşkil etmişdir.
Gələn ilin məhsulu üçün 716,4 min hektar sahədə şum qaldırılmış, 325,9 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 168,5 min hektar sahəyə buğda, 157,4 min hektar sahəyə isə arpa səpilmişdir.
2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 13087,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 8076,2 milyon manatı və ya 61,7 faizi məhsul istehsalı obyektlərinin, 4150,8 milyon manatı (31,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 860,1 milyon manatı (6,6 faizi) isə ümumi sahəsi 1491,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7484,6 milyon manatını və ya 57,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 9760,1 milyon manat təşkil etmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-oktyabr aylarında 184,0 milyon ton yük və 1548,4 milyon sərnişin daşınmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5 faiz, sərnişin daşınması isə 3,6 faiz artmışdır. Yüklərin 3,0 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,6 faizi avtomobil, 27,7 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. Hesabat dövründə nəqliyyat sektorunda 132,7 milyon ton qeyri-neft yükləri daşınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 milyon manatlıq xidmətlər göstərmişdir ki, onların da 72,8 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 20393,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 5778,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 11,2 faiz, pullu xidmətlərin həcmi isə 5,8 faiz artmış, ticarət şəbəkəsində 10168,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10224,8 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 15348,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8769,9 milyon dollarını və ya 57,1 faizini ölkədən ixrac olunmuş məhsullar, 6578,5 milyon dollarını (42,9 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2191,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,5 faiz, o cümlədən ixrac 6,2 faiz azalmış, idxal isə 0,1 faiz artmışdır. Ticarət dövriyyəsinin 11,7 faizi MDB üzvü ölkələrinin, 47,2 faizi Avropa İttifaqı ölkələrinin, 41,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların həcminin 22,1 faizi MDB üzvü ölkələrinin, 29,9 faizi Avropa İttifaqı ölkələrinin, 48,0 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların həcminin 3,9 faizi MDB üzvü ölkələrinə, 60,2 faizi Avropa İttifaqı ölkələrinə, 35,9 faizi isə digər ölkələrə göndərilmişdir.
Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 6,0 faiz üstələyərək 1179,0 milyon dollar təşkil etmişdir.
Sentyabr ayı ilə müqayisədə oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə sabit qalmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,1 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.
Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 461,1 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7 faiz artaraq 33,5 milyard manata çatmışdır. Gəlirlərin 76,3 faizi son istehlaka, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12,1 milyard manat vəsait daxil olmuş, büdcədən 12,2 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 92,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,2 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 4,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il oktyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil etmiş, onun 14,9 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il oktyabr ayının 1-i ilə müqayisədə 8,4 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 7,3 milyard manat təşkil etmişdir.
Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 1,00 manata), 1 Avroya-1,18 manata (1,12), 100 Rusiya rubluna-1,67 manata (1,70) bərabər olmuşdur.
İlin əvvəlindən əhalinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artaraq 2015-ci il oktyabr ayının 1-i vəziyyətinə 9676,5 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ilin yanvar-oktyabr ayları faktiki, milyon manat 2015-ci ilin yanvar-oktyabr ayları 2014-сü ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar-oktyabr ayları 2013-сü ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 45 934,8 103,3 102,8
o cümlədən:
qeyri-neft ÜDM 31 764,9 105,2 106,4
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 4 825,3 102,1 101,5
Sənaye məhsulu 21 989,5 102,2 99,6
o cümlədən qeyri-neft sənayesi 6 222,0 109,6 106,3
Əsas kapitala yönəldilmiş vəsaitlər 13 087,1 98,1 100,6
o cümlədən tikinti-quraşdırma işlərinə 9 760,1 102,6 110,8
Kənd təsərrüfatı məhsulu 5 121,4 106,7 97,0
o cümlədən: bitkiçilik 2 739,8 110,7 91,9
heyvandarlıq 2 381,6 102,4 103,1
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 184,0 100,5 101,8
o cümlədən qeyri-neft yüklərinin daşınması 132,7 101,8 103,1
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 548,4 103,6 105,0
İnformasiya və rabitə xidmətləri 1 363,8 108,1 113,3
Pərakəndə ticarət dövriyyəsi 20 393,1 111,2 109,6
Əhaliyə göstərilən pullu xidmətlər 5 778,9 105,8 106,6
Dövlət büdcəsinin gəlirləri 12 066,3x) 85,8 xx) 98,2 xxx)
Dövlət büdcəsinin xərcləri 12 158,4x) 95,8 xx) 99,8 xxx)
Dövlət büdcəsinin kəsiri 92,1 - -
Əhalinin gəlirləri 33 518,7 105,7 105,4
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 521,1 104,4 104,1
Əhalinin banklardakı əmanətləri, 2015-ci il 01 oktyabr vəziyyətinə 7 311,8 105,1 111,6
Kredit qoyuluşları, 2015-ci il 01 oktyabr vəziyyətinə 19 113,5 108,4 119,2
o cümlədən vaxtı keçmiş kreditlər 1 353,8 139,1 122,4
Orta aylıq əmək haqqı, manat 461,1x) 104,4 xx) 105,7 xxx)
İstehlak qiymətlərinin indeksi x 103,7 101,6
Əhalinin sayı, min nəfər, 2015-ci il 01 oktyabr vəziyyətinə 9 676,5 101,2 101,3
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 19 467,6 x) 98,6 3) 94,94)
o cümlədən: ixrac 12 889,1 x) 98,1 3) 99,64)
idxal 6 578,5 x) 100,1 3) 80,5 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 15 348,4 x) 95,5 3) 91,8 4)
o cümlədən: ixrac 8 769,9 x) 93,8 3) 96,8 4)
ondan qeyri-neft ixracı 1 179,0 x) 106,0 3) 98,8 4)
idxal 6 578,5 x) 100,13) 80,5 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar daxil edilmişdir.
2) İxrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2015-ci ilin yanvar-sentyabr ayları 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar-sentyabr ayları 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-ci ilin yanvar-sentyabr ayları;
xx) 2015-ci ilin yanvar-sentyabr ayları 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar-sentyabr ayları 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən.