Dövlət Statistika Komitəsində “Ticarət və turizm statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri” mövzusunda seminar keçirilmişdir

08.12.2015

Ticarət və turizm statistikası şöbəsi tərəfindən 2015-ci il noyabrın 27-də Komitənin inzibati binasında məlumat istifadəçiləri ilə “Ticarət və turizm statistikasına dair məlumatların toplanması metodları və əsas məlumat mənbələri” mövzusunda seminar keçirilmişdir. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “İqtisadiyyat” qəzeti, “Report” İnformasiya Agentliyinin nümayəndələri və Komitənin əməkdaşları iştirak etmişlər.
Seminar iştirakçılarına daxili və xarici ticarət, turizm və iaşə statistikası üzrə müşahidələrin aparılması qaydaları, ilkin məlumatların əldə edilməsi və işlənilməsi üsulları, məlumatların əldə edilməsi ilə bağlı istifadə olunan rəsmi statistika hesabatı və müşahidə formaları, beynəlxalq səviyyədə müqayisəliyin təmin olunması məqsədi ilə tətbiq edilən beynəlxalq standartlara və təcrübəyə dair ətraflı məlumat verilmişdir.
Görüşdə istifadəçilərin statistik informasiyaya olan tələbatlarının öyrənilməsi məqsədi ilə müzakirələr aparılmış, tələb olunan məlumatların əldə edilməsi üçün Komitənin rəsmi internet səhifəsinin məlumat mənbələrindən istifadə qaydaları, göstəricilərin hesablanmasında tətbiq edilən beynəlxalq metodologiyalar haqqında geniş məlumat verilmişdir.