Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Xarici ticarət əlaqələri haqqında
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac olunmuş, 141 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,4 faizi MDB üzvü dövlətləri, 48,1 faizi Avropa İttifaqı ölkələri, 42,5 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
On ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 21679,3 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 14238,4 milyon dollar, idxalın həcmi 7440,9 milyon dollar təşkil etmiş, nəticədə 6797,5 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 1324,9 milyon dollar təşkil etmişdir.