Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Moskva şəhərində “Təmsilçi istehlak və investisiya mallarının qiymətləri üzrə məlumatların yoxlanılması, razılaşdırılması və valyutaların alıcılıq qabiliyyəti pariteti”nin müzakirəsinə dair müşavirə keçirilmişdir
Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsi müdirinin müavini Rəşid Vəliyev 2015-ci il 30 noyabr - 3 dekabr tarixlərində Moskva şəhərində MDB ölkələrinin statistika orqanlarının mütəxəssislərinin və əlaqələndiricilərin iştirakı ilə təmsilçi istehlak və investisiya mallarının qiymətləri üzrə məlumatların yoxlanılması, razılaşdırılması və valyutaların alıcılıq qabiliyyəti paritetinin müzakirəsinə dair keçirilmiş müşavirədə iştirak etmişdir.
Müşavirə Dünya Bankının maliyyə dəstəyi ilə MDB məkanında ÜDM-in beynəlxalq müqayisələri layihəsinin əlaqələndiricisi olan MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federal Dövlət Statistika Xidməti tərəfindən təşkil edilmişdir.
Müşavirədə MDB ölkələrinin (Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Moldova, Ermənistan) müvafiq statistika sahələri üzrə mütəxəssisləri, həmçinin MDB Dövlətlərarası Statistika Komitəsinin nümayəndələri iştirak etmişdir.
Tədbir MDB Dövlətlərarası Statistika Komitəsi sədrinin müavini cənab Kosarev Andrey Evgenyeviçin nitqi ilə başlamışdır. O, öz çıxışında 2014-cü ilin göstəriciləri əsasında MDB regionunda ÜDM-in beynəlxalq müqayisəsi proqramı çərçivəsində işlərin gedişatı, proqramın rolu, təşkili və aparılması haqqında məlumat vermiş və MDB ölkələrinin bu proqramda iştirakının vacibliyini qeyd etmişdir. Çıxışda həmçinin ÜDM-in beynəlxalq müqayisəsi zamanı valyutaların alıcılıq qabiliyyəti paritetlərinin istifadə edilməsinin əhəmiyyətindən danışıldı və son dövrlər müxtəlif beynəlxalq təşkilatlar, dövlət orqanları və ictimaiyyət tərəfindən bu göstəriciyə marağın artması qeyd edildi. Daha sonra söz MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federal Dövlət Statistika Xidmətinin mütəxəssislərinə verilərək müşavirə davam etdirilmişdir.
Diaqnostik cədvəllər vasitəsilə ölkələr istehlak bölməsi üzrə 1919 adda mal və xidmətin, 481 adda investisiya malının, 66 adda tikinti materialının və 30 adda qeyri-bazar xidmətinin qiymətlərini, ölçü vahidlərini və xüsusiyyətlərini müzakirə edərək dəqiqləşdirmiş, həmçinin daha doğru və dəqiq valyutaların alıcılıq qabiliyyəti paritetinin hesablanması üçün daxili bazarlarında reprezentativ olmayan bir sıra mal və xidmətlər üzrə məlumatların 2014-cü ilin məlumat bazasından kənarlaşdırılmasına razılıq vermişlər. Bütün bunlar nəzərdən keçirilərək qiymətləri toplanmış mal və xidmətlərin qiymətlərinin 2014-cü il üzrə beynəlxalq müqayisələrin aparılması üçün yetərli olduğu qeyd edilmişdir.
Müşavirənin sonunda müzakirə olunmuş bütün mal və xidmətlər üzrə aparılacaq dəqiqləşmələrin nəticələrinin 2015-ci ilin dekabr ayının 22-ə qədər əlaqələndiricilərə göndərilməsi barədə razılıq əldə olunmuşdur.