Pərakəndə ticarət və ictimai iaşənin dövriyyəsi haqqında

15.12.2015

2015-ci ilin yanvar-noyabr aylarında istehlakçılara 22,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çox məhsul satılmışdır. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6 faiz artaraq 11185,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5 faiz artaraq 11249,4 milyon manata bərabər olmuşdur.
Cari ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 11,5 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınmışdır. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşmüşdür.
2015-ci ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 950,7 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 milyon manat təşkil etmişdir.

tel: 538-76-95