Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə BMT-nin Xüsusi Proqramının (SPECA) statistikaya dair layihə işçi qrupunun 10-cu iclası keçirilmişdir
Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və aparatın Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Toğrul Əcəlov cari ilin 1-3 dekabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK), Avropa Azad Ticarət Assosiasiyası (AATA) və Qırğızıstan Respublikası Milli Statistika Komitəsinin birgə təşkilatçılığı ilə Bişkek şəhərində keçirilmiş “Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə BMT-nin Xüsusi Proqramının (SPECA) statistikaya dair layihə işçi qrupunun 10-cu iclası”nda iştirak etmişlər.
İclasın əsas məqsədi SPECA üzv ölkələrinin iqtisadiyyatlarının regional inteqrasiyasının və demoqrafiya, sosial-iqtisadi sahələrdə tərəqqinin monitorinqi üçün statistik məlumatların istehsalı üzrə üzv ölkələrin potensialının artırılması olmuşdur.
Tədbir 4 əsas sessiyadan ibarət olmaqla, SPECA və EECCA (Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya) regionunda potensialın gücləndirilməsi üzrə fəaliyyətlər: əsas nailiyyətlər və Qlobal Qiymətləndirmələrin tövsiyələrinin yerinə yetirilməsi, SPECA və EECCA regionuna xüsusi diqqət yetirməklə rəsmi statistika istehsalının təkmilləşdirilməsi, hüquqi və institusional əsaslar - EECCA üzv ölkələrinə statistika haqqında model qanununun təqdim edilməsi, növbəti addımlar və gələcək fəaliyyətlərin müzakirəsi kimi məsələləri əhatə etmişdir.
Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Türkmənistan və Ermənistanın milli statistika təşkilatlarının rəhbərləri və nümayəndələri, BMT-nin Statistika Şöbəsi, BMT-nin Avropa İqtisadi Komissiyası, Avropa Azad Ticarət Assosiasiyası, Avrostat və Avrasiya İqtisadi Komissiyasının ekspertləri iştirak etmişlər.
Tədbir Qırğızıstanın Prezident Aparatının nümayəndəsi İlya Çornıyın, Qırğızıstan Milli Statistika Komitəsi sədrinin birinci müavini Djanbulat Bayjumanovun, Avropa Azad Ticarət Assosiasiyasının Statistika Şöbəsinin direktoru Andrea Şellerin və BMT-nin Statistika Şöbəsinin nümayəndəsi Gabriel Gamezin salamlama nitqləri ilə başlamışdır. Çıxışlarda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqram haqqında ümumi məlumat verilmiş, bu proqrama daxil olan ölkələrin milli statistika sistemlərinin təkmilləşdirilməsi, statistikaya dair yeni hazırlanmış model qanunun müzakirəsi, milli statistika sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasında donor yardımlarının vacibliyi qeyd olunmuşdur.
Birinci sessiyada SPECA və EECCA regionunda potensialın gücləndirilməsi üzrə fəaliyyətlər: əsas nailiyyətlər və Qlobal Qiymətləndirmələr zamanı ölkələrə verilmiş tövsiyələrin yerinə yetirilməsi məsələləri müzakirə olunmuşdur.
Birinci sessiyanın gedişində hər bir iştirakçı ölkənin nümayəndəsi tərəfindən ölkələrində həyata keçirilmiş Qlobal Qiymətləndirmədə verilmiş tövsiyələrin icrası, son bir il ərzində statistikanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, mövcud çətinliklər və gələcəkdə beynəlxalq təşkilatların yardımına olan ehtiyaclarla bağlı məlumat verilmişdir. Rauf Səlimov tərəfindən Avrostat, Avropa Azad Ticarət Assosiasiyası və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Azərbaycanda 2010-cu ildə milli statistika sisteminin Qlobal Qiymətləndirilmənin həyata keçirildiyi bildirilmişdir. Qiymətləndirmə nəticəsində verilən tövsiyələrin həyata keçirilməsi məqsədi ilə 56 işdən ibarət olan “Tədbirlər planı” Komitənin kollegiyası tərəfindən təsdiq edilmiş və 2011-2013-cü illər ərzində planda nəzərdə tutulmuş işlərin hamısının icra olunmasına nail olunduğu qeyd edilmişdir. Eyni zamanda son bir il ərzində Dövlət Statistika Komitəsi tərəfindən görülmüş irihəcmli işlər - kənd təsərrüfatının, kiçik sahibkarlıq subyektlərinin siyahıyaalınmaları, keyfiyyətin idarə edilməsi sahəsində görülmüş işlər, “Ümumdünya Statistika Günü”nün geniş şəkildə qeyd olunması, “Statistika xəbərləri” elmi-praktik jurnalının təsis edilməsi haqqında məlumat verilmişdir. Rauf Səlimov bildirmişdir ki, Qlobal Qiymətləndirmənin müsbət nəticələrini nəzərə alaraq, milli statistika sisteminin gələcək inkişafı və təkmilləşdirilməsi hədəflərinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Statistika Komitəsi 2016-cı ildə növbəti qiymətləndirməni keçirmək niyyətindədir.
Tədbirin ikinci günü “Rəsmi statistikanın təkmilləşdirilməsi: regional, qlobal və milli təşəbbüslər” mövzusuna həsr olunmuşdur. Beynəlxalq təşkilatların ekspertləri statistika sisteminin təkmilləşdirilməsi, “Statistik Biznes Prosesin Ümumi Modeli”nin 5-ci versiyası ilə bağlı təqdimatlarla çıxış etmişlər. Bununla yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan milli statistika sistemlərinin təkmilləşdirilməsi sahəsində görülən işlər və “Statistik Biznes Prosesin Ümumi Modeli”nin tətbiqi məsələlərinə həsr olunan təqdimatlar edilmişdir. Toğrul Əcəlov tərəfindən Dövlət Statistika Komitəsində istifadə olunan standartlar, “Statistik Biznes Prosesin Ümumi Modeli”nin tətbiqi, aparatın şöbələrinin fəaliyyətinin model əsasında idarə olunması üçün hazırlanmış xəritələr və proses sxemləri, keyfiyyətin idarə olunması sisteminin 7 rayon (şəhər) statistika idarəsində tətbiqinə başlanması haqqında məlumat verilmişdir.
2-ci sessiya zamanı iştirakçılar 2 dəfə 4 qrupa bölünərək qrup tapşırıqlarını müzakirə etmiş, qrupun rəhbəri isə müzakirələrin yekununu plenar iclasa təqdim etmişdir. 1-ci tapşırıqda rəsmi statistika məlumatlarının istehsalçıları arasında hansı əlaqələndirmə mexanizmləri mövcuddur, milli statistika orqanlarının məlumatları rəsmi statistika məlumatlarının digər istehsalçılarının məlumatları ilə müqayisə ediləndimi, təkmilləşdirmə sahəsində hansı nailiyyətlər əldə olunmuşdur, statistikanın təkmilləşdirilməsində beynəlxalq təşkilatlar və xarici ölkələr hansı dəstəyi göstərə bilər kimi suallar qoyulmuşdur. 2-ci tapşırıqda “Statistik Biznes Prosesin Ümumi Modeli”nin tətbiqi zamanı ölkələrin qarşılaşdığı çətinliklər, onların həlli yolları, modelin tətbiqinin əsas üstünlükləri, digər rəsmi statistika istehsalçılarının da bu modeldən istifadəyə başlaması kimi suallar verilmişdir. Sonda müzakirələrin nəticəsi olaraq yekun məlumatla Rauf Səlimov iclasda çıxış etmişdir.
Tədbirin 3-cü sessiyası BMT-nin Avropa İqtisadi Komissiyası, AATA və Avrostat tərəfindən Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün hazırlanmış statistika haqqında model qanunun müzakirəsinə həsr olunmuşdur. Məsələ üzrə çıxış edənlər, o cümlədən Rauf Səlimov gələcəkdə milli statistika qanunvericiliyinin təkmilləşdirilməsində model qanunun yaxşı vasitə olduğunu qeyd etmişdir.
Tədbirin 4-cü sessiyası növbəti addımlara və gələcək fəaliyyətlərin müzakirəsinə həsr olunmuşdur. Beynəlxalq təşkilatların nümayəndələri və ölkə təmsilçiləri məsələ ilə bağlı çıxış etmişlər.