Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Avstriyanın Vyana şəhərində BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNIDO) regional seminarı keçirilmişdir
Dövlət Statistika Komitəsinin nümayəndələri Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNIDO) layihəsi çərçivəsində 2015-ci il 16-18 dekabr tarixlərində Avstriyanın Vyana şəhərində təşkil olunmuş regional seminarda iştirak etmişlər. MDB ölkələrində sənaye statistikası və inkişaf və rəqabətqabiliyyətlilik tendensiyalarının təhlili mövzusuna dair regional seminarda Azərbaycanla yanaşı MDB Statistika Komitəsinin, Rusiya Federasiyasının, Ukraynanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Türkmənistanın, Moldovanın, Ermənistanın nümayəndələri, UNIDO-nun əməkdaşları və dəvət olunmuş ekspertləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan UNIDO-nun baş statistiki Ş.Upadyaya regional seminarın formatının əvvəlkilərdən fərqli olduğunu və milli statistika orqanlarının nümayəndələri ilə yanaşı MDB ölkələrində sənaye sahəsində iqtisadi siyasəti həyata keçirən dövlət orqanlarının nümayəndələrinin də dəvət olunduqlarını, seminarın əsas məqsədinin MDB ölkələrində sənayenin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətini həyata keçirən qurumların öz funksiyalarını yerinə yetirmələri üçün tələb olunan statistik məlumatların rəsmi istehsalçıları olan statistika orqanları tərəfindən əldə olunmasına, eyni zamanda bu işin digər ölkələrlə müqayisədə hansı səviyyədə olmasına dair ətraflı bilgi almaları olduğunu bildirilmişdir.
Ümumilikdə, üç gün davam edən tədbir sənaye statistikasına dair müxtəlif mövzuları əhatə edən beş sessiyadan ibarət olmuşdur.
Dövlət Statistika Komitəsinin nümayəndəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri N.Süleymanov “Dövlət Statistika Komitəsində vahid hesabat formasının tətbiq olunması”na dair təqdimatla çıxış edərək, “Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı haqqında” 1-müəssisə nömrəli rəsmi statistika hesabatının yaranmasının səbəbləri, tərtib olunması, hesabatın tətbiqinin üstünlükləri, məlumatların yığılma üsulları ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat vermişdir.
N.Süleymanovun ikinci təqdimatı Qırğızıstan Respublikasının Milli Statistika Komitəsində sənaye üzrə statistik müşahidələrin təkmilləşdirilməsi üzrə tədbirlər barəsində olmuşdur. Bu tədbir UNİDO-nun “MDB ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi” regional layihəsi çərçivəsində həyata keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inteqrasiya olunmuş hesabat formalarının tətbiqi sahəsində yaxşı təcrübəsini nəzərə alaraq N.Süleymanov UNİDO tərəfindən bu layihəyə məsləhətçi qismində cəlb edilmişdir. Əsas məqsəd Qırğızıstanda sənaye müəssisələrinin müşahidəsi üçün beynəlxalq tövsiyələrə uyğun inteqrasiya olunmuş hesabat formasının işlənib hazırlanması və yeni hesabat forması əsasında sənaye müəssisələrinin fəaliyyətinin müşahidəsinin təşkili və keçirilməsindən ibarət olmuşdur.
Seminarın növbəti təqdimatları Rusiya, Ukrayna, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Ermənistanın milli statistika orqanlarının nümayəndələri tərəfindən sənayedə istifadə etdikləri hesabat formaları, onlarda əks olunan statistik göstəricilər, məlumatların toplanması üsulları barəsində olmuşdur.
Qeyd etmək lazımdır ki, hər bir sessiyanın sonunda seminar iştirakçıları arasında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə bütün iştirakçılara UNİDO-nun “MDB ölkələrində sənaye statistikasının təkmilləşdirilməsi” regional layihəsi çərçivəsində aparılmış işlərin nəticələrini əks etdirən, İ.Ulyanov və N.Süleymanovun bu layihə çərçivəsində hazırladıqları materiallar əsasında tərtib edilmiş nəşrlər təqdim edilmişdir.