“Azadlıq” qəzetinin 14 yanvar 2016-cı il tarixli nömrəsində “Statistika Komitəsinin tünd yalanı" adlı məqalə ilə bağlı Dövlət Statistika Komitəsinin müraciəti

15.01.2016

Bildiririk ki, demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da müvafiq qanunlar kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz fikirlərini, məlumatlarını sərbəst şəkildə ictimaiyyətə çatdırmağa imkan vermişdir.
Mütəmadi olaraq informasiya vasitələrinin nümayəndələri mətbuatda mövcud statistik məlumatları təhlil edərək dərc etdirirlər. Lakin bəzi hallarda statistik rəqəmlərin düzgünlüyü ilə bağlı söylənilən əsassız tənqidlərə rast gəlinir.
Belə ki, "Azadlıq” qəzetinin 14 yanvar 2016-cı il tarixli nömrəsində dərc olunmuş “Statistika Komitəsinin tünd yalanı" adlı məqalə ilə əlaqədar Dövlət Statistika Komitəsi öz mövqeyini bildirməyi, məqalədə göstərilmiş natamamlığa aydınlıq gətirməyi məqsədəuyğun hesab edir. İstehlak qiymətləri indeksi beynəlxalq təcrübəyə əsaslanaraq hesablanır və ay ərzində gündəlik olaraq ticarət şəbəkələrində aparılan müşahidələr nəticəsində toplanmış məlumatlar üzrə orta istehlak qiymətləri hesablanır. Hesablanmış orta qiymətlər öz növbəsində əvvəlki ayda eyni qaydada hesablanmış orta qiymətlərlə müqayisə edilir. Yəni, 21 dekabr 2015-ci il tarixində baş vermiş devalvasiya nəticəsində bir sıra məhsulların qiymətlərində təqribən 20-30 faiz artım müşahidə edilmişdirsə, bu heç də o demək deyildir ki, dekabr ayı ərzində qiymətlər 20-30 faiz artmalıdır. Çünki, dekabr ayının 21-dək, yəni baş vermiş devalvasiya qədər həmin istehlak məhsullarının qiymətləri noyabr ayının müvafiq dövrünün qiymətləri ilə müqayisədə ciddi dəyişikliyə uğramamışdır.
Müəllif Dövlət Statistika Komitəsinin istehlak mallarının qiymətlərinə dair hazırladığı rəqəmləri müqayisə etməyə cəhd göstərmiş, lakin mövcud beynəlxalq metodologiyanı bilməməsindən yanlış nəticələrə gəlmiş və ictimaiyyət arasında çaşqınlıq yaratmışdır. Məqalədə göstərilmiş "Deməli 20 gündən artıqdır ki, ölkədə bütün məhsulların qiyməti ən azı 30-40 faiz artıb" məzmunlu yazısı Dövlət Statistika Komitəsinin verdiyi hesabatı əks etdirmir. Dekabr ayı üçün hesablanmış istehlak qiymətləri indeksinin müddəti müəllifin verdiyi 20 günü deyil yalnız 9 günü əhatə edir.
Dövlət Statistika Komitəsi "Statistika Komitəsinin tünd yalanı" adlı məqalədə əsassız olaraq göstərdiyiniz faktları təkzib etməyi Sizdən xahiş edir. Əks təqdirdə, Komitənin ünvanına səsləndirilmiş əsassız böhtanlara və işgüzar nüfuzumuza gətirilmiş xələlə görə məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalacağıq.