Etik davranış məsələləri üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il üzrə hesabatı

15.01.2016

Azərbaycanda sosial ədalətin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin və şəffaflığının təmin edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi dövlət orqanlarında hüquqi münasibətlərin tənzimlənməsinə və şəffaflığın təmin olunmasına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi kollegiyasının 17 oktyabr 2012-ci il tarixli 29/1 nömrəli qərarı ilə 2012-2015-ci illər üçün tədbirlər planı, eyni zamanda əvvəlki illərdə olduğu kimi 2015-ci il üçün də iş planı təsdiq edilərək icrası təmin olunmuşdur.
Dövlət Statistika Komitəsi aparatının, Bakı Şəhər Statistika İdarəsinin işçiləri üçün 2015-ci il oktyabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsinin iştirakı ilə “Maraqlar toqquşmasının qarşısının alınması” və “Etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər" mövzusunda təlim keçirilmişdir.
Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydaları və prinsiplərinin, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi məqsədilə 2015-ci ildə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar Dövlət Statistika Komitəsinin 2015-ci il 05 yanvar tarixli 01 nömrəli əmri ilə təsdiq edilmiş tədris proqramı və 2015-ci il üçün yerli statistika orqanları işçiləri üçün təsdiq edilmiş tədris planına uyğun olaraq mütəmadi praktiki təlimlər keçirilmişdir. Təlimlərdə Komitənin aparatının və yerli statistika orqanlarının işçilərinə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları haqqında mövzular əhatə edilmişdir. Keçirilmiş məşğələlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə işçilərin mövzular üzrə mənimsəmə qabiliyyətlərinin qiymətləndirilməsi jurnalları tərtib edilmiş, nəticələri barədə arayışlar hazırlanmışdır. Dövlət qulluqçularının etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi məsələləri ilə bağlı bilik səviyyələrinin atırılması, təlimlərin daha səmərəli həyata keçirilməsi üçün yerli statistika orqanlarına müvafiq məlumatlar və materiallar göndərilmişdir. Yerli statistika orqanları tərəfindən tərtib olunmuş qrafik üzrə kursların təşkili təmin edilmişdir.
Dövlət Statistika Komitəsinin vəzifəli şəxslərinin fəaliyyətində qanuniliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, korrupsiya hüquqpozmalarına gətirib çıxaran hərəkətlərin qarşısının alınması məqsədilə Dövlət Statistika Komitəsinin internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmə yaradılmışdır. Dövlət qulluqçularının fəaliyyətinə daim nəzarət edilərək, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilmiş, Komitənin əmr, sərəncam və tapşırıqlarının yerinə yetirilməsində qüsurlara yol vermiş dövlət qulluqçularına qarşı intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Etik davranış qaydalarını pozduğuna görə Dövlət Statistika Komitəsinin 30.10.2015-ci il tarixli 255/k nömrəli əmri ilə Zərdab Rayon Statistika İdarəsinin rəisi Əhməd Bağırov, hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsi kollegiyasının 2015-ci il 30 yanvar tarixli 2/1 nömrəli qərarı ilə Sabirabad Rayon Statistika İdarəsinin rəisi Fuad Məmmədov, Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov, Qusar Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynov, Kürdəmir Rayon Statistika İdarəsinin rəisi Ağalar Hacıyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, yol verdikləri nöqsanlar Daşkəsən Rayon Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynovun, Zəngilan Rayon Statistika İdarəsinin rəisi Fuad Şıxaliyevin, Hacıqabul Rayon Statistika İdarəsinin rəisi Elman Nəcəfovun, İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun, Şəmkir Rayon Statistika İdarəsinin rəisi Qafqaz Süleymanovun nəzərinə çatdırılmış, maliyyə vəsaitlərindən istifadə sahəsində yol verdikləri nöqsanlara görə Dövlət Statistika Komitəsinin 2015-ci il 09 fevral tarixli 12/t nömrəli əmri ilə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənova, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynova, baş mühasibi Əhməd Kərimova, 2015-ci il 12 avqust tarixli 124/k nömrəli əmri ilə Şamaxı Rayon Statistika İdarəsinin rəisi Azər Məmmədova, baş mühasibi Tağı Qaraoğlanova, Şabran Rayon Statistika İdarəsinin baş mühasibi Hacıkişi Mahmudova xəbərdarlıq elan edilmiş, 2015-ci il 21 dekabr tarixli 331/k nömrəli əmri ilə Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayev və baş mühasib İlham Abbasov barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir.
Dövlət Statistika Komitəsinin vəzifəli şəxslərinin fəaliyyətində qanuniliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiyanın idarəçiliyi zəiflətdiyini və ədalətsizlik şəraiti yaratdığını nəzərə alaraq, ona qarşı səmərəli mübarizənin təşkil edilməsi məqsədilə Komitənin 15 iyul 2008-ci il tarixli 117/t nömrəli əmri ilə yaradılmış “Korrupsiyaya qarşı mübarizə Komissiyası” öz fəaliyyətini davam etdirmişdir.
Etik davranış məsələləri üzrə maarifləndirmə işləri və tətbiq edilmiş intizam tənbehi tədbirləri haqqında məlumatlar Komitənin internet səhifəsində yerləşdirilmişdir.
Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlərin davam etdirilməsi, müasir idarəçilik üsullarının tətbiq edilməsi və bu sahədə şəffaflığın təmin edilməsi daim diqqət mərkəzindədir.