Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2016-cı ilin yanvar ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,8 faiz, emal sənayesi üzrə 3,0 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməmişdir. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8 faiz bahalaşmışdır.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,8 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşmışdır.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri kimya sənayesi üzrə 20,1 faiz, tütün məmulatlarının istehsalı üzrə 15,1 faiz, qida məhsullarının istehsalı üzrə 8,5 faiz, içki istehsalı üzrə 5,8 faiz, metallurgiya sənayesi üzrə 5,1 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, kompyuter və elektron avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, tikinti materiallarının istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, geyim istehsalı üzrə 0,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz bahalaşmış, poliqrafiya fəaliyyəti üzrə istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 538-52-72