Xarici ticarət əlaqələri haqqında

29.03.2016

2016-cı ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 114 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 61 ölkəyə məhsul ixrac olunmuş, 106 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 51,3 faizi Avropa İttifaqı ölkələri, 8,5 faizi MDB üzvü dövlətləri, 40,2 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1314,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 871,9 milyon dollar, idxalın dəyəri 442,8 milyon dollar təşkil etmiş, nəticədə 429,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, əczaçılıq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlədən hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil etmişdir.

tel: 538-77-25