Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Belçika Krallığının Brüssel şəhərində keçirilmiş "Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqının enerji əməkdaşlığ"ına dair keçirilmiş regional konfrans haqqında
Avropa İttifaqının INOGATE Texniki Katibliyinin INOGATE Proqramı çərçivəsində 2016-cı ilin 17 mart tarixində Belçika Krallığının Brüssel şəhərində "Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqının enerji əməkdaşlığ"ına dair regional konfransda Azərbaycan Respublikasını Energetika Nazirliyi aparatının rəhbəri İ.Hüseynov, Nazirliyin Elektroenergetika şöbəsinin müdiri A. Mürsəliyev, Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdir müavini Ə. Kərimov, INOGATE Proqramı layihəsinin Azərbaycandakı ekspertləri V. Nəsibov və C. Əfəndiyev təmsil edirdi. Konfransda həmçinin, Azərbaycanın Belçika Krallığındakı səfiri cənab F. İsgəndərov və səfirliyin ikinci katibi A. Şükürov iştirak etmişdir.
Konfransa Türkiyənin, Gürcüstanın, Ukraynanın, Moldovanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Belarusun, Ermənistanın, Beynəlxalq Enerji Agentliyinin (BEA), Avropa İttifaqının Energetika üzrə Baş Direktorluğunun (DG ENER – Directorate – General for Energy), Avropada Qonşuluq və Əməkdaşlığın Genişləndirilməsi Məsələləri üzrə Baş Direktorluğunun (DG NEAR – Directorate – General for Neighbourhood and Enlargement Negotiations), Enerji Xartiyasının (ECS), Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Birləşmiş Millətlər Təşkilatının Sənayenin İnkişafı Təşkilatı (UNİDO), habelə beynəlxalq maliyyə qurumlarının, özəl sektorun və akademik səviyyədə analitik mərkəzlərin nümayəndələri qatılmışlar.
Tədbirdə INOGATE Proqramı çərçivəsində fəaliyyət göstərildiyi 20 il ərzində enerji siyasəti, enerji tarifləri, enerji bazarı, enerji standartları, enerji təhlükəsizliyi, alternativ enerji, enerji səmərəliliyi, energetika sahəsinə yönəldilmiş investisiya və energetika statistikası sahəsində tərəfdaş ölkələr tərəfindən aparılmış işlərin nəticələri ilə bağlı yekun məlumatlar dinlənildi.
Tədbirə sədrlik edən (Avropada Qonşuluq Siyasəti və Genişləndirilməsi Məsələləri üzrə komissar) cənab J. Hahn konfrans iştirakçılarını salamladıqdan sonra tədbirdə 200 nəfərə yaxın yüksək vəzifəli nümayəndələrin iştirak etdiyini, INOGATE Proqramı çərçivəsində energetika sahəsində Avropa İttifaqı ilə Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri ilə strateji tərəfdaşlığın yüksək xətlə inkişafından bəhs etmişdir. INOGATE Proqramı çərçivəsində mühüm nailiyyətlər əldə olunduğunu bildirmiş və gələcəkdə əsas enerji təhlükəsizliyi, səmərəli enerji bazarının inkişafı və energetika sahəsinə investisiyaların cəlb olunması məsələlərinin aktual olduğunu iştirakçıların nəzərinə çatdırmışdır. Bununla yanaşı energetikanın iqtisadi inkişaf, müəssisələrin rəqabət davamlılığı, vətəndaşların sosial və gündəlik həyat səviyyəsinin yaxşılaşdırılması üçün əsas amil olduğunu vurğulamış, enerji təhlükəsizliyinin Avropa İttifaqı ölkələri üçün əsas siyasi prioritet olduğunu qeyd etmişdir. Cənab J. Hahn Avropa İttifaqı ilə INOGATE Proqramı çərçivəsində tərəfdaş ölkələrin birgə əməkdaşlığının uğurundan danışdı və gələcəkdə regional enerji proqramlarına ayrılacaq investisiyaların müəyyən edilməsi üçün yeni mexanizmlərin hazırlanacağını bildirdi.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini cənab P. Saymons energetika sektorunda statistik məlumatların vacibliyini və bu məlumatlara daha çox ehtiyac olduğunu qeyd etdi. Məruzəçi son illər statistik məlumatlara əsaslanaraq CO2 (karbon qazı) tullantılarının getdikcə azaldığını bildirdi. O, regionda böyük enerji ehtiyatları olduğunu və bundan səmərəli istifadə edilməsi nəticəsində 2020-ci ilə qədər CO2 tullantılarının 15-20 faiz azalmasına nail olmağın mümkünlüyünü konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Beynəlxalq Enerji Agentliyinin (BEA) nümayəndəsi xanım S. Ruket “Etibarlı enerji statistikasının köməyi nəticəsində siyasətin hazırlanma prosesi və investisiyaların cəlb edilməsi” adlı təqdimatında BEA tərəfindən Azərbaycana göndərilən sorğuların dolğun cavablandırıldığını və vaxtında icra olunduğunu bildirdi. Eyni zamanda, məruzəçi Azərbaycanın 2007-ci ildən tərəfdaş-ölkələr arasında energetika statistikasını beynəlxalq standartlar və tövsiyələr əsasında quran, eyni zamanda enerji balansını tərtib edən yeganə ölkə olduğunu xüsusi ilə qeyd etdi.
Tədbirin sonunda “Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqının enerji əməkdaşlığı" komissiyasının direktoru cənab L. Meredit tərəfdaş ölkələrin koordinatorlarına 20 il ərzində göstərdikləri işgüzar fəaliyyətə görə öz təşəkkürünü bildirdi. Cənab L. Meredit INOGATE Proqramı layihəsinin davamı olaraq yeni proqramın hazırlandığını və gələcəkdə bu proqramın Avropa İttifaqı tərəfindən təsdiqlənəcəyini bildirdi.