Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 7,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,5 faiz, qaz hasilatının 7,9 faiz, elektrik enerjisi istehsalının 6,7 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur.
Sənaye məhsulunun 63,3 faizi mədənçıxarma sektorunda, 28,7 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,2 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, tütün məmulatlarının istehsalı 87,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,2 dəfə, metallurgiya məhsullarının istehsalı 11,5 faiz, hazır metal məmulatlarının istehsalı 80,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,3 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,4 dəfə artmış, içkilərin istehsalı 9,3 faiz, geyim istehsalı 14,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 78,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,7 faiz, kağız və karton istehsalı 17,2 faiz, poliqrafiya məhsullarının istehsalı 4,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,9 faiz, tikinti materiallarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, mebel istehsalı isə 16,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artmış, neft sektorunda isə 1,3 faiz azalmışdır.
Telefon: 539 87 17