Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

12.05.2016

2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21,0 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır. Bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5 faiz artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərmişdir. Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşmüşdür. 2016-cı ilin aprel ayında mart ayına nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 0,2 faiz ucuzlaşması, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,2 faiz bahalaşmısına baxmayaraq ümümilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalmışdır.
Aprel ayında mart ayı ilə müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındığın, xiyarın, pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Aprel ayı ərzində heyvandarlıq məhsullarından süd və qoyun ətinin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, mal və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Əlaqə telefonu: 538-52-72