Xarici ticarət əlaqələri haqqında

13.05.2016

2016-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 87 ölkəyə məhsul ixrac olunmuş, 130 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 4607,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2781,6 milyon dollar, idxalın dəyəri 1825,9 milyon dollar təşkil etmiş, nəticədə 955,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Ticarət dövriyyəsinin 43,7 faizi Avropa İttifaqı ölkələri, 9,2 faizi MDB üzvü dövlətləri, 47,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallardan hazırlanan məmulatlar, ərzaq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.

əlaqə telefonu: 538-77-25