Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin 02-04 may tarixlərində Tailand Krallığının Banqkok şəhərində təşkil olunmuş “Asiya və Sakit okean ölkələri üçün iqtisadi statistika həftəsi”nin yekunları haqqında
Cari ilin 02-04 may tarixlərində Tailand Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası, BMT-nin Statistika şöbəsi, Asiya İnkişaf Bankı və Dünya Bankı ilə birgə təşkil edilmiş “Asiya və Sakit okean ölkələri üçün iqtisadi statistika həftəsi”ndə Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavin Toğrul Əcəlov iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd iqtisadi statistika çərçivəsində iqtisadi statistik məlumatların keyfiyyətinin artırılması, yeni standartların tətbiqi və iqtisadi statistika üçün statistik infrastrukturun yaradılması ilə bağlı təcrübə mübadiləsinin aparılması olmuşdur. Qeyd olunan sahələr üzrə yeni məlumat mənbələri, qiymət statistikası, ÜDM-in əhatəliliyinin artırılması, iqtisadi statistik məlumatların qiymətləndirilməsi, iqtisadi statistik məlumatların idarə olunması, təsnifatlar və statistik biznes registrlər kimi məsələlər müzakirə predmeti olmuşdur.
Tədbirdə təşkilatçı qurumlardan və dəvət olunmuş 36 ölkədən aidiyyəti sahələr üzrə 100-ə yaxın mütəxəssis iştirak etmişdir.
İclasın 1-ci hissəsi “İqtisadi statistikanın keyfiyyətinin artırılması” mövzusunun müzakirəsinə həsr olunmuşdur. Bu sessiya çərçivəsində iqtisadi statistik məlumatların hazırlanmasında daha çox inzibati məlumat mənbələrindən istifadə, aylıq iqtisadi artımın hesablanması, iqtisadi statistikanın ölçülməsi və təkmilləşdirilməsi, statistik vahid (nəzəriyyə və təcrübə) və maliyyə xidmətləri göstərən müəssisələrdən məlumatların toplanmasına dair təqdimatlar edilmişdir.
İclasın 2-ci hissəsində “Milli hesablar sisteminin təkmilləşdirilməsi” mövzusu çərçivəsində, MHS-2008-də mülkiyyət növünün dəyişdirilməsi, məhsulların qiymətləndirilməsi, regional ÜDM-in hesablanması, turizmdə satellit hesablar və s. təqdimatlarla çıxışlar edilmişdir. Bu hissədə əsasən sürətlə qloballaşan dünyada MHS-2008-in ölkə iqtisadiyyatlarında baş verən dəyişikliklərə cavab verməsi, MHS-2008-ə maliyyə vasitəçiliyi üzrə (FİSİM) xidmətlərin dolayı yolla hesablanmasının tətbiqi və mülkiyyət prinsipinin dəyişdirilməsi kimi məsələlərə toxunulmuşdur.
Tədbirin 3-cü və 4-cü hissələri “İqtisadi statistik məlumatların idarə olunması və təsnifatlar” və “Qiymət statistikasının keyfiyyətinin artırılması” kimi mövzularla əhatə olunmuşdur.
Tədbirin 5-ci hissəsi “Statistik biznes registrlər”in müzakirəsinə həsr olunmuşdur. Mövzu ətrafında statistik biznes registrin aparılmasında inteqrasiya olunmuş yanaşma, Sakit okean ölkələri üçün standart biznes registrin tətbiqi, statistik biznes registrin inkişafı, məlumatları rəsmi statistika üçün istifadə olunan statistik biznes registr, statistik biznes registrin potensialına və biznes demoqrafiyasına dair təqdimatlar edilmişdir. Statistik biznes registrlər iqtisadi statistik məlumatların əldə olunmasında statistik infrastrukturun əsas komponenti hesab olunur. Yaxşı təşkil olunmuş statistik biznes registr dolğun və dəqiq rəsmi statistik məlumatların əldə olunmasına zəmin yaradır, eyni zamanda müəssisələrdə baş verən demoqrafik proseslərin izlənilməsi üçün əsas məlumat mənbəyi hesab olunur.