2016-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

17.05.2016


2016-cı ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 16867,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olmuşdur. Əlavə dəyərin 39,5 faizi sənayedə, 12,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1756,7 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-aprel aylarında 9,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,8 faiz, qaz hasilatının 9,8 faiz, elektrik enerjisi istehsalının 7,6 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur.
Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 6,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 8,2 faiz, tütün məmulatlarının istehsalı 52,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,5 dəfə, metallurgiya məhsullarının istehsalı 0,4 faiz, hazır metal məmulatlarının istehsalı 36,5 faiz, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,7 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmış, geyim istehsalı 19,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 72,9 faiz, kağız və karton istehsalı 14,9 faiz, poliqrafiya məhsullarının istehsalı 6,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, tikinti materiallarının istehsalı 28,6 faiz, maşın və avadanlıqların istehsalı 20,5 faiz, mebel istehsalı isə 14,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,6 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2 faiz artmış, neft sektorunda isə 1,7 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2016-cı il vəziyyətinə 341,2 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və may ayının 1-nə kimi 273,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 17,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 20,3 min hektar sahədə qarğıdalı (ondan 19,6 min hektarı dən üçün), 57,1 min hektar sahədə kartof, 52,8 min hektar sahədə tərəvəz, 18,3 min hektar sahədə bostan bitkiləri, 6,2 min hektar sahədə şəkər çuğunduru, 5,6 min hektar sahədə dən üçün günəbaxan, 964 hektar sahədə tütün, 33,0 min hektar sahədə pambıq, 59,7 min hektar sahədə çoxillik otlar və 1,0 min hektar sahədə birillik otlar əkilmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 2,0 faiz artaraq 151,0 min ton, süd istehsalı 3,9 faiz artaraq 622,4 min ton, yumurta istehsalı 5,2 faiz artaraq 542,8 milyon ədəd, yun istehsalı 5,4 faiz artaraq 2,9 min ton olmuşdur.
İlin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz çox tərəvəz, 8,3 min ton və ya 20,0 faiz çox kartof toplanmışdır.
2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 12,3 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artmışdır.
2016-cı ilin yanvar-aprel aylarında əsas kapitala 4291,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 3724,7 milyon manatı və ya 86,8 faizi məhsul istehsalı obyektlərinin, 405,7 milyon manatı (9,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 160,9 milyon manatı (3,7 faizi) isə ümumi sahəsi 443,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1380,3 milyon manatını və ya 32,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 2984,5 milyon manatı və ya 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-aprel aylarında 66,0 milyon ton yük və 595,6 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,8 faiz azalmış, sərnişin daşınması isə 1,8 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 59,9 faizi avtomobil, 30,6 faizi boru kəməri, 7,0 faizi dəmir yolu, 2,5 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,8 faizi avtomobil, 12,1 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 514,9 milyon manatlıq xidmətlərin 71,8 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin həcmi 11,0 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 8738,5 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 2238,8 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 1,7 faiz artmış, ticarət şəbəkəsində 4364,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4373,9 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 3606,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1780,6 milyon dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1825,9 milyon dollarını (50,6 faizini) isə idxal məhsulları təşkil etmiş, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 23,9 faiz, o cümlədən ixrac 23,0 faiz, idxal isə 25,1 faiz azalmışdır. Ticarət dövriyyəsinin 42,5 faizi Avropa İttifaqı ölkələrinin, 11,7 faizi MDB üzvü ölkələrinin, 45,8 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların dəyərinin 28,0 faizi Avropa İttifaqı ölkələrinin, 16,7 faizi MDB üzvü ölkələrinin, 55,3 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların 57,3 faizi Avropa İttifaqı ölkələrinə, 6,6 faizi MDB üzvü ölkələrinə, 36,1 faizi isə digər ölkələrə göndərilmişdir. 2016-cı ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 44,5 faiz azalaraq 244,8 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,2 faiz artmışdır.
2016-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artaraq 485,5 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 13789,5 milyon manata çatmışdır. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,3 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 4713,6 milyon manat vəsait daxil olmuş, büdcədən 3999,8 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 713,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 4,2 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19687,0 milyon manat təşkil etmiş, onun 15203,4 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7888,9 milyon manat təşkil etmişdir.
Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,72 manata (1,73), 100 Rusiya rubluna – 2,27 manata (2,13) bərabər olmuşdur.
2016-cı ilin yanvar-mart aylarında əhalinin sayı 24,9 min nəfər və ya 0,3 faiz artaraq 2016-cı il aprel ayının 1-i vəziyyətinə 9730,5 min nəfərə çatmışdır.


Göstəricilər 2016-cı ilin yanvar-aprel ayları, faktiki, milyon manat 2016-cı ilin yanvar-aprel ayları 2015-сi ilin yanvar-aprel aylarına nisbətən, faizlə Məlumat üçün:
2015-ci ilin yanvar-aprel ayları 2014-сü ilin yanvar-aprel aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, milyon manat 16 867,9 95,5 105,5
o cümlədən qeyri-neft ÜDM 10 938,7 93,2 106,8
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 1 756,7 94,4 104,2
Sənaye məhsulu, milyon manat 9 442,3 98,9 103,7
o cümlədən qeyri-neft sənayesi 2 615,4 104,2 110,5
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat 4 291,3 68,9 103,5
o cümlədən tikinti-quraşdırma işlərinə 2 984,5 64,5 109,9
Kənd təsərrüfatı məhsulu, milyon manat 938,8 103,5 103,7
o cümlədən: bitkiçilik 40,6 112,3 108,4
heyvandarlıq 898,2 103,1 103,5
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 66,0 96,2 101,4
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 595,6 101,8 103,6
İnformasiya və rabitə xidmətləri, milyon manat 514,9 111,0 110,6
Pərakəndə ticarət dövriyyəsi, milyon manat 8 738,5 102,7 109,6
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat 2 238,8 101,7 105,2
Dövlət büdcəsinin gəlirləri, milyon manat 4 713,6 88,0 82,8
Dövlət büdcəsinin xərcləri, milyon manat 3 999,8 64,7 101,8
Dövlət büdcəsinin profisiti, milyon manat 713,8 - -
Əhalinin gəlirləri, milyon manat 13 789,5 109,0 105,7
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 1 436,1 107,7 104,4
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 aprel vəziyyətinə, milyon manat 7 888,9 101,4 116,9
Kredit qoyuluşları, 2016-cı il 01 aprel vəziyyətinə, milyon manat 19 687,0 95,4 129,8
o cümlədən vaxtı keçmiş kreditlər 1 326,6 109,3 142,1
Orta aylıq əmək haqqı, manat 485,5 x) 108,0xx) 103,5xxx)
İstehlak qiymətlərinin indeksi x 110,5 103,1
Əhalinin sayı, 2016-cı il 01 aprel vəziyyətinə, min nəfər 9 730,5 101,2 101,2
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 4 607,5x) 85,3xx) 113,2xxx)
o cümlədən: ixrac 2 781,6x) 90,9xx) 108,3xxx)
idxal 1 825,9x) 74,9xx) 136,7xxx)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 3 606,5x) 76,1xx) 124,7xxx)
o cümlədən: ixrac 1 780,6x) 77,0xx) 120,8xxx)
ondan qeyri-neft ixracı 244,8x) 55,5xx) 138,9xxx)
idxal 1 825,9x) 74,9xx) 136,7xxx)
Qeyd:
x) 2016-cı ilin yanvar-mart ayları.
xx) 2016-cı ilin yanvar-mart ayları 2015-ci ilin yanvar-mart aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə faktiki, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
xxx) 2015-ci ilin yanvar-mart ayları 2014-cü ilin yanvar-mart aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə faktiki, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla.
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.