Dövlət Statistika Komitəsinin təmsilçisi Cenevrədə keçirilən işçi qrupun sessiyalarına qatılıb

28.06.2016

İyun ayının 28-dən iyul ayının 1-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun 18-ci və “Ekoloji göstəricilərə dair” məqsədli işçi qrupun 11-ci sessiyaları keçirilir. Sessiyalarda Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Departamentinin direktor müavini Mətanət Avazova iştirak edirlər. Tədbirdə Azərbaycan və Ukrayna nümayəndələrinin tullantılar statistikasına dair təqdimatları nəzərdə tutulub. İşçi qrupun 18-ci sessiyasında 2030-cu ilədək olan dövr üzrə dayanıqlı inkişaf sahəsində işçi qrupun yol xəritəsinin işlənib hazırlanması, ekologiya nazirlərinin Batumi Konfransının nəticələri – PanAvropa regionunda Ekoloji informasiyanın birgə sisteminin yaradılması üçün hesabat mexanizmi, PanAvropa regionunda ətraf mühitin vəziyyətinə nəzarət və 6-cı Qlobal ekoloji perspektivlər çərçivəsində Avropa regional qiymətləndirilməsi kimi məsələlərə baxılacaq. Ekoloji göstəricilər cari siyasi təşəbbüs kontekstində, ekoloji informasiyanın onlayn rejimdə mübadiləsi, tullantılar statistikası, ŞAQMA ölkələrində yaşıl artım göstəricilərinin tətbiqi kimi mühüm məsələlər də müzakirə olunacaq.