Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
Hesabat dövrü ərzində ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunmuşdur. Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 20,8 faiz, zərərçəkənlərin sayı isə 23,4 faiz azalmışdır. Zərərçəkənlərin 453 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almış, 143 nəfəri isə həlak olmuşdur.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (365-i) yaşayış məntəqələrində baş vermiş, nəticədə 512 nəfər zərər çəkmiş, onlardan 96 nəfər həlak olmuş, 416 nəfər isə yaralanmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 33,3 faiz, yaralananların sayı isə 17,0 faiz azalmışdır.
Bütün yol-nəqliyyat hadisələrinin 40,8 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 19,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 39,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 23,7 faiz, 27,8 faiz və 13,2 faiz azalmışdır.
Göstəricinin adı | 2016-cı ilin yanvar-mart aylarında, vahid | 2015-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 419 | 79,2 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 54 | 71,1 |
yaşayış məntəqələrində | 365 | 80,6 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 189 | 85,1 |
toran vaxtı | 90 | 89,1 |
gecə vaxtı | 140 | 68,0 |
Yol örtüyünün vəziyyətinə görə | ||
quru yol örtüyü | 381 | 83,7 |
digər (yaş, buz və s.) | 38 | 51,4 |
Zərərçəkənlərin sayı, nəfər | 596 | 76,6 |
həlak olanlar | 143 | 64,1 |
yaralananlar | 453 | 81,6 |
Yol-nəqliyyat hadisələrinin 45,1 faizi gündüz, 33,4 faizi gecə, 21,5 faizi isə toran vaxtı baş vermişdir. Hadisələrin 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 6 hadisə baş vermiş, nəticədə 8 nəfər zərər çəkmişdir. Belə hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
2016-cı ilin yanvar-mart aylarında yol-hərəkəti qaydaları əleyhinə 747,5 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz çox inzibati xəta aşkarlanmışdır. Xətaların 55,5 faizi yolda müəyyən edilmiş hərəkət sürətinin aşılması, 11,8 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,0 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 19,7 milyon manat məbləğində cərimələr ödənilmişdir.
Tel: 538 90 12