Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2016-cı ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz bahalaşmışdır.
2016-cı ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşmış, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır. Ay ərzində düyünün, qarabaşaq yarmasının, yulaf və arpa yarmasının, toyuq ətinin, kərə və zeytun yağlarının, limonun, naringinin, çiyələyin qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, yerkökünün, çuğundurun, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Tel: 538-52-72